“Rusiya Federasiyasının Soçi şəhərində baş tutan Vladimir Putin, İlham Əliyev və Nikol Paşinyanın görüşünün yekunu olaraq yayılan bəyanatı Azərbaycanın növbəti diplomatik uğuru kimi qiymətləndirmək olar”.
Bu fikirləri Newscenter.az-a Milli Məclisin deputatı İqbal Məmmədov səsləndirib. Millət vəkili bildirib ki, bəyanatda bircə yerdə belə Qarabağ sözünün keçməməsi, Azərbaycanla Ermənistanın münasibətlərinin normallaşdırılmasına əsas diqqət yetirilməsi də deyilənləri təsdiqləyir:
“Üçtərəfli görüşdən əvvəl Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev də rusiyalı həmkarı Vladimir Putinlə təkbətək görüşündə birmənalı olaraq qeyd etdi ki, Qarabağ problemi deyilən bir məsələ artıq qalmayıb və həmin problem iki il bundan əvvəl həll olunub. Üçtərəfli görüşün nəticəsi olaraq yayılan bəyanatda əksini tapan fikirlər Azərbaycan dövlət başçısının mövqeyinin nəzərə alındığını deməyə əsas verir”.
İqbal Məmmədov deyib ki, bəyanatda Rusiya sülhməramlılarının mandatının daha 15-20 il uzadılmasına dair heç bir ifadənin yer almaması da Soçi görüşünün Azərbaycan üçün məhsuldar keçdiyindən xəbər verir:
“Çünki Soçi görüşündən əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya sülhməramlılarının daha 15-20 il Qarabağda qalmalı olduğunu bildirmiş və üçtərəfli görüşdə bu məsələyə diqqət çəkəcəyini demişdi. Lakin göründüyü kimi Soçi görüşünün nəticəsi olaraq yayılan bəyanatda sülhməramlılar barədə də heç ifadənin yer almaması Ermənistanın, konkret olaraq bu ölkənin baş naziri Nikol Paşinyanın növbəti diplomatik uğursuzluğudur”.
İqbal Məmmədov hesab edir ki, Soçi görüşü həm də Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması istiqamətində atılan növbəti addımıdır:
“Həmçinin bu görüşü indiyə qədər üçtərəfli formatda keçirilmiş Moskva və Brüssel görüşlərinin davamı kimi də xarakterizə etmək mümkündür. Bütün halda bu kimi görüşlər və əldə olunan ümumi razılaşmalar Azərbaycanla Ermənistan arasında sülh müqaviləsini bir qədər də yaxınlaşdırır”.