Bu gün Soçidə Rusiya Prezidentinin təşəbbüsü ilə Azərbaycan və Ermənistan liderlərinin baş tutan görüşü heç şübhəsiz ki, Moskvanın təşəbbüsü ilə baş tutan danışıqlardan bir çox cəhətlərinə görə fərqlənirdi. Başlayaq ondan ki, görüş öncəsi Rusiya mətbuatında bir çox ekspertlər bu məsələdə daha çox balanslı mövqedən çıxış etməyə çalışırdılar və əvvəlki dönəmlərdən fərqli olaraq əsas tezisləri budur ki, Azərbaycan və Ermənistan Rusiya ilə birgə tarixi keçmişə bağlıdır, vahid İttifaqda təmsil olunublar, ona görə Rusiya hər iki xalqın və dövlətin mehriban qonşuluq şəraitində yaşaması üçün səylərini artırmalıdır.
Sual oluna bilər ki, bu amil hər zaman mövcud olub, lakin biz zamanla Rusiyanın iki ölkə arasında dayanıqlı sülhə nail olmaqda tam maraqlı olmadığını müşahidə etmişik, ona görə iki ölkə arasında münaqışə bu qədər uzanıb. Lakin məsələ burasındadır ki, indi Rusiyanı bu məsələdə real addımlar atmağa vadar edən yeni və ciddi faktorlar meydana gəlib.
Ukrayna müharibəsində Qərblə qarşıdurmada ciddi mövqe itkiləri verən Rusiya yaxşı anlayır ki, əgər Ermənistanla Azərbaycan arasinda sülh razılaşması Qərbin dəstəyi və vasitəçiliyi ilə baş tutsa, bu post-sovet məkanında Rusiyanın maraqlarına ciddi bir zərbə olacaq. Kollektiv Qərbin vasitəçiliyi ilə Ermənistanla Azərbaycan arasında intensiv dialoqun təşkil olunması artıq Rusiyanı bu məsələdə hərəkətə keçməyə və real nəticələr əldə etməyə sövq edir. Qərb platformasının da bu baxımdan mövcud olması Azərbaycanın xeyrinədir və Soçi görüşündən və səsləndirilən bəyənatlardan da göründüyü kimi Rusiya Qərbin vasitəçiliyi ilə imzalana bilənəcək sülh razılaşmasına qısqanclıqla yanaşmasına baxmayaraq, Avropa Birliyində razılaşdırılan 5 prinsipi qəbul etməyə hazır olduğunu bildirib. Bu da ondan xəbər verir ki, mövcud geosiyasi durumda Qərbin ciddi sanksiyaları və təzyiqi altında olan Rusiya Cənubi Qafqazda sülhə nail olmaq istiqamətində nəticə doğuran addımlar ataraq həm post-sovet məkanında öz imicini bərpa etməyə, həm də Qərblə yanan körpüləri qismən bərpa etməyi nəzərdən keçirir.
Nə qədər paradoksal görünsə də, Avropanın sərhədləri yaxınlığında qaynar nöqtə yaratmış və bu üzdən dünyanın yarısı ilə qarşı qarşıya gəlmiş Rusiya, başqa bir vacib bölgədə sülhə nail ola bilər. Belə görünür ki, Rusiya son Soçi görüşünə böyük əhəmiyyət verir.
Vüqar Əhmədov-politoloq