Dekabrın 19-dan etibarən Şuşa şəhərindən keçən Xankəndi-Laçın yolundakı əraziyə cəlb edilmiş Rusiya sülhməramlılarının mövqeyində müəyyən dəyişikliklər görünməkdədir.
Newscenter.az-ın məlumatına görə, bu barədə “Report”un aksiya keçirilən ərazidə olan əməkdaşı xəbər verir.
Lakin etirazçılar bundan istifadə etmək, irəli getmək fikrindən uzaqdırlar.
Bu, bir daha göstərir ki, bu aksiya dinc xarakterlidir. Məqsəd sülhməramlılarla qarşıdurmaya getmək deyil. Aksiyanın əsas məqsədi, Azərbaycanın suveren ərazisindəki yataqlarda monitorinqin aparılması üçün şərait yaradılmasına nail olmaqdır. Etirazçılar təbii sərvətlərimizin talanmasının, ekoloji çirklənmənin dayandırılmasını tələb edirlər.
Xatırladaq ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşadan keçən Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 9 gündür davam edir.
Belə ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.
2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.