“Sabah parlamentin plenar iclasında “Məhkəmələr və hakimlər haqqında” Qanuna dəyişikliklər birinci oxunuşda müzakirə olunacaq. İlk dəyişiklik Qanunun hakim vəzifəsinə namizədlərə aid tələblərin ehtiva olunduğu 93-cü maddəsindədir və uyğunlaşdırma xarakterlidir. Qanunun həmin müddəasında deyilir ki, “Azərbaycan Respublikası Konstitusiyasının 126-cı maddəsinin birinci hissəsinə uyğun olaraq yaşı 30-dan aşağı olmayan, seçkilərdə iştirak etmək hüququna malik olan, ali hüquq təhsilli, hüquqşünas ixtisası üzrə 5 ildən artıq işləyən Azərbaycan Respublikası vətəndaşları hakim ola bilərlər”. Amma məlumdur ki, 2016-cı il referendumunda “yaşı 30-dan aşağı olmayan” ifadəsi Konstitusiyadan çıxarılıb və bu mənada Məhkəmələr və hakimlər haqqında Qanunun müvafiq müddəasının da Konstitusiyaya uyğunlaşdırılmasına ehtiyac var”.
Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Bəhruz Məhərrəmov səsləndirib. Millət vəkili bildirib ki, digər dəyişiklik isə “Məhkəmələr və hakimlər haqqında” qanunun 94-cü maddəsinə təklif olunur:
“Belə ki, hazırda qüvvədə olan müddəanın məzmunu ondan ibarətdir ki, yuxarı instansiya məhkəmələrin hakimi vəzifələrinə bir qayda olaraq ən azı 5 il birinci instansiya məhkəmələrinin hakimi işləmiş şəxslər təyin oluna bilərlər. Amma bildiyiniz kimi, Normativ hüquqi aktlar haqqında Konstitusiya Qanunun 64.4-cü maddəsində tələb var ki, “Normativ hüquqi aktda dövlət orqanının səlahiyyətlərinin həddindən artıq ümumiləşdirilmiş formada müəyyən edilməsinə, “orqan edə bilər”, “bir qayda olaraq”, “müstəsna hallarda yol verilir”, “orqan öz səlahiyyətləri daxilində”, “zərurət olduqda” və bunlara bənzər qeyri-müəyyən ifadələrdən istifadə olunmasına yol verilmir”. Bu mənada “Məhkəmələr və hakimlər haqqında” qanunun 94-cü maddəsindəki “bir qayda olaraq” ifadəsi çıxarılır”.
Millət vəkili deyib ki, qanunda dəyişikliyin digər mühüm istiqaməti isə yuxarı instansiya məhkəmələrin hakimi vəzifələrinə təyinatla bağlı məhkəmə hakimlərinə qoyulmuş 5 illik tələbin 3 ilə endirilməsidir ki, bunun da kifayət qədər obyektiv səbəbləri var: “Birincisi, Qanunun 96-cı maddəsinə müvafiq olaraq hakim vəzifəsinə hakimlər ilk dəfə üç il müddətinə təyin olunurlar. Həmin müddətin sonunda hakimlərin fəaliyyəti qiymətləndirilir və peşəkar çatışmazlıq aşkar edilməzsə Məhkəmə-Hüquq Şurasının təklifi ilə onun səlahiyyətləri son yaş həddinədək uzadılır. Yəni hesab edirik ki, hakim əgər 3 ilin sonunda özünü doğruldursa artıq onun irəliləməsi üçün hər hansı maneə qoyulmasına zərurət yoxdur. Digər tərəfdən, məhkəmə hakimiyyətinin nüfuzunun yüksəlməsi, hakimlərin maddi təminatının yaxşılaşdırılması, say tərkibinin artırılması ilə iş yükünün azaldılması istiqamətində atılan addımlar fonunda bu sahəyə marağın artması, alimlərin, vəkillərin, digər təcrübəli hüquqşunasların hakimliyə üz tutması şəraitində müvafiq üç ilkin sınaq müddətini başa vuran hakimin irəli çəkilməsi üçün daha iki il gözləməsinin lüzumu yoxdur. Yəni hakim artıq ən kritik dönəmdə özünü təsdiqləyir. Üstəlik, nəzərə alaq ki, bu hakimlərin mütləq əksəriyyəti məhkəmə zalı ilə hakim kimi fəaliyyətə başladıqdan sonra tanış olmurlar, onların arasında illərlə məhkəmə iclas katibi, hakim köməkçisi kimi məhkəmədə yetişmiş insanlar var”.
Bəhruz Məhərrəmovun sözlərinə görə, bu dəyişiklik fonunda diqqət çəkən başqa bir məqam, ondan ibarətdir ki, əvvəllər son yaş həddinə çatmış hakimin peşəkarlığından istifadə edilməsinə ehtiyac olduqda Məhkəmə-Hüquq Şurasının təklifi ilə onun səlahiyyət müddəti 70 yaşınadək artırıla bilərdi. 30 dekabr 2014-cü il tarixli dəyişiklikdən sonra isə, hazırda Ali Məhkəmənin hakimləri üçün son yaş həddi 68, digər instansiya məhkəmələrinin hakimləri üçün 66 yaşdır:
“Yəni peşəkar hakimlərin bilik, bacarıq və təcrübəsindən istifadə imkanlarımız ən azı iki il azalmışdı. Bu gün isə biz yuxarı instansiya məhkəmələrin hakimi vəzifələrinə təyinatla bağlı məhkəmə hakimlərinə qoyulmuş 5 illik tələbi 3 ilə endirməklə həm də hakimlərin, xüsusən təcrübəli hüquqşunasların yuxarı instansiya məhkəmələrində töhfə vermək imkanlarını daha da artırmış oluruq”.
Anar