Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Avropa İttifaqına bağlı qurumlar hələ də Bayden dövrünün havası ilə yaşayır

Avropa İttifaqına bağlı qurumlar hələ də Bayden dövrünün havası ilə yaşayır


Son hadisələr göstərir ki, Avropa İttifaqına bağlı qurumlar və ictimai fiqurlar hələ də Bayden dövrünün havası ilə yaşayır, "demokratiya" və "insan hüquqları" kimi universal şüarlarından siyasi təzyiq aləti kimi istifadə edərək bir sıra ölkələrə qarşı təxribat-pozuculuq xarakterli fəaliyyətlərini davam etdirirlər. BMT-nin Beynəlxalq Ədalət Məhkəməsinin sabiq prokuroru, Azərbaycana qarşı açıq düşmənçilik mövqeyi ilə tanınan Luis Okamponun və oğlu Tomasın qalmaqallı videoetirafları və eləcə də Avropa Parlamentində müzakirəyə çıxarılaraq qəbul edilən anti-Azərbaycan xarakterli qətnamə ilk növbədə regionumuzda uzunmüddətli sülh və sabitliyin bərqərar edilməsi istiqamətində atılan addımlara qarşı çıxır və eyni zamanda, Ermənistanın revanşist qüvvələrini savaşa təhrik etməklə Cənubi Qafqaz regionunu yenidən münaqişə ocağına çevirməyə göstərilən cəhdlər sayılır.

Sözügedən videogörüntülərdə Okampo həyasızcasına etiraf edir ki, “mən pulları Rusiyada yaşayan ermənilərdən almışam”. Bu kirli oyunun içində bu gün Bakı həbsxanasında pürrəngi çay içən rusiyalı separatçı milyarder Ruben Vardanyan da, hazırda İrəvanda dəmir barmaqlıqlar arxasında olan rusiyalı iş adamı Samvel Karapetyan da yer alır. Yəni ki, bütün bu kirli oyunlar Avropanı və Rusiyanı da əhatə edən qlobal şəbəkənin meqa-maxinasiyalarının tərkib hissələridir.

Eyni zamanda, istər Okampo ilə bağlı sensasiyalı videogörüntülər, istərsə də Avropa Parlamentinin son təxribatçı qətnaməsi Qərbin siyasi dairələrinin ikiüzlülüyünün təzahürü olmaqla yanaşı, həm də bu gün Avropada hökm sürən islamofobiyanın və türkəfobiyanın göstəricisidir. Avropa İttifaqı (Aİ) bir yandan özünün enerji təhlükəsizliyini təmin etmək üçün Azərbaycandan davamlı dəstək istəyir, lakin digər tərəfdən isə, Avropa Parlamenti ilə əməkdaşlıq üçün nəzərdə tutulmuş platformalar (Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlığı Komitəsi və Avronest Parlament Assambleyası) ölkəmizə qarşı təzyiq, şantaj alətinə çevrilir. Onu da qeyd edək ki, Okampo kimi beynəlxalq miqyaslı "dəllal"lar və Avropa Parlamentinin Azərbaycan əleyhinə fəaliyyəti xüsusən də 44 günlük İkinci Qarabağ müharibəsindəki Zəfərimizdən sonra daha da güclənib və intensiv xarakter alıb.

Bu baxımdan, formal olaraq Ermənistana dəstək kimi təqdim olunan “Ermənistanda demokratik dayanıqlığın dəstəklənməsi” adlı qətnamə layihəsinin bir sıra müddəalarında Azərbaycana qarşı əsassız ittiham və tələblərin yer alması Qərbin qlobalist-liberal-solçu dairələrinin qərəzli mövqeyini əks etdirir. Sözügedən qətnamədə yer alan anti-Azərbaycan səpkili müddəalar və iddialar Avropa Parlamentinin hələ də erməni lobbisinin "girov"luğunda qaldığını göstərir. Bu da maraqlıdır ki, Avropa Parlamenti növbəti anti-Azərbaycan xarakterli hərəkəti məhz Ermənistan–Azərbaycan normallaşma prosesinin davam etməsi fonunda baş verir. İki ölkə arasında sülhün iqtisadi faydalarının formalaşdığı, o cümlədən Ermənistanın enerji təhlükəsizliyinə töhfə verilməsi istiqamətində Azərbaycan tərəfindən ciddi addımların atıldığı bir şəraitdə və üstəgəl, Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Ermənistana səfərindən bir gün keçməmiş Avropa Parlamenti tərəfindən sözügedən qətnamənin qəbul edilməsi onu göstərir ki, bütün bu addımlar məqsədli, planlı şəkildə atılır.

Beləliklə, həm siyasi "killer" kimi çıxış edən avroparlamentarilər, həm də Luis Okampo kimi qlobal dələduzlar erməni lobbisinin diktəsilə regionda gərginliyi körükləməyə davam edirlər. Avropa Parlamenti kimi nüfuzlu siyasi qurumun postmünaqişə dövründə sülh səylərini dəstəkləmək əvəzinə, süni gərginlik yaratmağa çalışması rəzalətdir. Avroparlamentarilərin və Okampo kimi, Borrel kimi avantüristlərin erməni lobbisinin "sözçü"sü kimi çıxış etmələri bütövlükdə Avropa İttifaqının qlobal maraqlarına zərbə vurur. Lakin onlar bir həqiqəti başa düşməlidirlər ki, istər Avropa Parlamentinin qərarlarının, istərsə də Okampo-Borrel mafioz "cütlüy"ünün kirli oyunlarının Azərbaycan üçün heç bir əhəmiyyəti yoxdur. Necə deyərlər, it hürər, karvan keçər.

Əlisahib Hüseynov, Azərbaycan Həmrəylik Komitəsinin sədri
Xəbəri paylaş