Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Fransadan Azərbaycanın suverenliyinə hörmətlsizlik, beynəlxalq hüquqa açıq etinasızlıq

Fransadan Azərbaycanın suverenliyinə hörmətlsizlik, beynəlxalq hüquqa açıq etinasızlıq


16 mart 2023-cü il tarixində Fransa Senatında Azərbaycana qarşı daha bir qərəzli addım atılıb. Bölgədə sülh və sabitliyin təmin olunmasına yönəlmiş təşəbbüslərinə kölgə salmaq məqsədi daşıyan bu tədbirin formatı və məzmunu Azərbaycanın Cənubi Qafqazın müasir tarixindəki rolunun, qlobal sülhə və təhlükəsizliyə töhfə vermək imkanlarının Fransada hələ də düzgün qiymətləndirilmədiyini göstərir. Müstəqil bir dövlətin daxili işlərinə müdaxilə xarakteri daşıyan bu təşəbbüs Azərbaycanın suverenliyinə hörmətlsizlik, beynəlxalq hüquqa açıq etinasızlıqdır.

Fransa senatında təşkil olunan müzakirələr əslində bir neçə kontekstdə qiymətləndirilməlidir.

BİRİNCİSİ, bu cür addımlar ikitərəfli münasibətlərdə öz mənfi izini qoyur. Azərbaycan hər zaman Fransa ilə əlaqələrdə dürüst davranıb. Biz iqtisadi, siyasi, eləcə də mədəni və humanitar əlaqələrin genişlənməsi üçün çoxsaylı layihələrin həyata keçirilməsini təmin etmişik. Lakin Fransanın indiki mövqeyi qarşılıqlı etimada o qədər ağır zərər vurub ki, bütün istiqamətlərdə əməkdaşlığa mane olur. Hər şeydən əvvəl Azərbaycan xalqının Fransanın dosluğuna, səmimi münasibətinə etimadı son dərəcə sarsılıb. Hesab edirəm ki, bu ikitərəfli əlaqələrdə hər mənada özünü göstərə biləcək amillərdən birincisidir. Təbii ki, Azərbaycanla münasibətlərdə mövcud olan problemlər Fransanın aparıcı dövlətlərdən biri olaraq Cənubi Qafqazadakı proseslərə təsir imkanlarını da əhəmiyyətli dərəcədə zəiflədir. Yəni nəticə etibarilə, Fransanın öz maraqlarına da zərbə vurur.

İKİNCİSİ, beynəlxalq münasibətlər sisteminin nizamını müəyyən edən beynəlxalq hüquq kontekst. Fransa başqa bir ölkənin suverenliyinə müdaxilə etməyə davam etməklə əslində beynəlxalq hüququn fundamental prinsiplərinə hörmətsizlik nümayiş etdirir. Bu, ona görə acınacaqlıdır ki, Milli Azlıqlar haqqında Çərçivə Konvensiyasını imzalamayan, Avropa Şurasının Regional və ya Azlıq dilləri üzrə Avropa Xartiyasını ratifikasiya etməyən Fransanın Azərbaycandakı etnik azlıqların “qayğısına qalması” da beynəlxalq hüquqa ikili, daha dəqiq desək riyakar münasibətin təzahürüdür. Bu həm də ona görə qeyri-səmimi təsir bağışlayır ki, Fransa Məhkəməsi Korsika adasının yerli parlamentində Fransız dilindən başqa bir dilin istifadəsinə qadağan qoyub. “Korsika xalqı” ifadəsinin Fransa Konstitusiyasına zidd olduğunu bəyan edib.

ÜÇÜNCÜ mühüm məqam, təşəbbüsün reallaşdırldığı tarixi kontekstdir. Pensiya islahatına qarşı kütləvi etiraz aksiyalarının keçirildiyi, yüzlərlə etirazçının həbs edildiyi bir dövrdə Fransa senatında “etnik azlıqların hüquqları” məsələsi müzakirə edilir. Baxmayaraq ki, pensiya islahatı haqqında qanun Prezident Makronun təşəbbüsü ilə parlamentdə səsverməyə çıxarılmadan qəbul edilib. Öz ərazisində milyonlarla insanın hüququnu kopud şəkildə pozan bir ölkənin Azərbaycandakı etnik ermənilərin haqlarını müzakirəyə çıxarması son dərəcə paradoksaldır. Həm də o baxımdan paradoksaldır ki, bir sıra beynəlxalq təşkilatlar, Avropa Şurasının İnsan hüquqları üzrə Komissarı, “Amnesty International” təşkilatı Fransa polisinin etirazçılara qarşı güc tətbiq etməsindən, bir çox insanın əsassız yerə həbsindən, zorakılığa məruz qalmasından ciddi narahatlıq ifadə edən bəyanatlar yayıblar.

Azərbaycan bu gün bütün dünyaya multikulturalizm və tolerantlıq ənənələrinə görə nümunə göstərilən dövlətlərdən biridir. Bizim ölkəmizdə dini, etnik mənsubiyyətindən asılı olmayaraq hər bir vətəndaş Konstitusiyanın verdiyi hüquqlardan istifadə edir. Təbii ki, Konstitusiya həm də vətəndaşların üzərinə müəyyən öhdəliklər qoyur. Qarabağ iqtisadi rayonunda yaşayan ermənilərin Konstitusiyada nəzərdə tutulmuş bütün hüquqlarına təminat verildiyi ən yüksək səviyyədə dəfələrlə bəyan edilib. Bu baxımdan, Fransanın özünü Azərbaycanda etnik azlıqların hüquqlarının müdafiəçisi kimi təqdim etmək cəhdləri yersizdir. Fransa Senatının bu təşəbbüsü regionda sülhün təmin edilməsində maraqlı olmadığını nümayiş etdirir. Lakin müzakirə formatından, məzmunundan, iştirakçıların statusundan asılı olmayaraq heç bir konfrans, tədbir bu gün Cənubi Qafqazda reallıqları dəyişmək iqtidarında deyil. Bu reallıqları Azərbaycan yaradıb, bu reallıqları nəzərə almaq, regionda yeni bir dövrün başlanmasına yönəlmiş təşəbbüslərə dəstək vermək istənilən ölkəyə, o cümlədən Fransaya daha böyük fayda gətirə bilər.

Ramin Məmmədov-Milli Məclisin deputatı
Xəbəri paylaş