Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Əmir Teymur Gürkan tarixin ən güclü, məğlubedilməz sərkərdəsi kimi

Əmir Teymur Gürkan tarixin ən güclü, məğlubedilməz sərkərdəsi kimi


9 aprel Dünya tarixində Əmir Teymur kimi tanınan böyük sərkərdənin doğum günüdür.

1336-cı ildə Özbəkistanın qədim Hoca-İlqar kəndində, indi bura Şaxrisabz adlanır, anadan olub.
Ərəb mənbələrində tam adı Teymur ibn Tarağay Barlas, türk mənbələrində Barlaslı Tarağayın oğlu Teymur kimi yazılır. Çağatay və monqol dilində Temur sözü "dəmir" mənasını verir.

Uzun illər və çox təəssüf ki, indinin özündə də ona gah Teymurləng yaxud Topal Teymur deyirlər. Bu adı orta əsrlərdən sonra ruslar ona veriblər və bu günə qədər də bəzi ağılsız Azərbaycan alimləri və tədqiqatçıları onu belə adlandırırlar.

Əslində isə o Əmir Teymur Gürkan adlanmalıdır.

Çingizlilər sülaləsindən olmadığı üçün Teymur formal olaraq böyük xan titulu daşıya bilməzdi. Elə buna görə də o, özünə əmir titulunu götürür. 1370-ci ildə Çingizlilər sülaləsi ilə qohumlaşan Teymur özünə Gürkan titulunu götürür. Gürkan monqol dilində kuruqen və ya xurqen sözünün fars dilində olan variantıdır və tərcüməsi "kürəkən" deməkdir. Bu o demək idi ki, Çingizlilər sülaləsi ilə qohumlaşan Teymur onların evlərində azad şəkildə yaşaya və hərəkət edə bilərdi.

Teymurun siyasi fəaliyyətinin başlanğıcı Çingiz xanın fəaliyyətinə bənzəyir: onlar şəxsən özləri ardıcılları tərəfindən təşkil olunmuş dəstələrin başçıları idilər, hansılar ki, sonralar da onların hərbi qüdrətində əsas təməl rolunu oynayıblar.

Çox təəssüf ki, bu günə qədər də onun haqqında mənfi mövqe göstərirlər. Bəli o qəddar insan olub. Tarixdə hansı sərkərdə belə olmayıb ki? Minlərlə insanı qətl edib, tarixdə hansı böyük sərkərdələr qansız hakimiyyət qurublar ki?
Əmir Teymur babası Çingiz xanı kimi aman istəyənə dəyməzdi. Amma xəyanəti, yalanı sevməzdi. Məsəl üçün 1387 ci ildə Əmir Teymurun İran səfərində İsfahan şəhəri ağsaqqallarının aman diləməsinə görə Əmir Teymur şəhəri talan etmir. Qarşılığında şəhərə vergi qoyur və 4 min əsgərini burda saxlayır. Lakin İsfahan əhalisi gecə ilə hücum edərək bu əsgərlərin hamısını öldürür. Bunu eşidən Teymur onları ən ağır formada cəzalandırır.

Şirvanşah aman diləyib ona sədaqətli olduğu üçün heç bir zaman bu dövlətə dəymir. Osmanlı sultanı Bəyazidin ona yazdığı məktuba görə Mərkəzi Asiyadan gəlib oranı ələ keçirir. Düzdü sonradan ona bunu türk dərin dövləti bağışlamır. Amma dünyada bir günəş olduğu kimi, bir hökmdar olmalıdır prinsipi ilə hərəkət edib Əmir Teymur. Məgər digər sərkərdələr belə etməyibmi?

Əmir Teymurun qəbrinin açılmasından isə onun sümük qalıqlarını araşdırmış M.M.Gerasimov yazırdı ki, Əmir Teymurun boyunun uzunluğu 170 sm olmuşdur. Qaşüstü sümüyün forması və kəskin burun çıxıntısı onda klassik monqoloidlik əlamətləri olan epikantusun olmamasını, burnunun yastı olmadığını sübut edirdi. Çürüməmiş tük qalıqlarına əsasən Əmir Teymurun saçlarının formasının düz və cod,saçlarının rənginin isə kürən olduğu məlum olmuşdur. O da məlum olmuşdur ki Əmir Teymur çoxlarının onu təsvir etdikləri kimi bığlarını qısaltmamış,əksinə uzun bığ saxlamışdır. Saqqalının forması üçkünc olmuşdur.

Onun haqqında çox əfsanələr dolaşır. 22 iyunda məzarı açılan günü almanların sovetlər birliyinə hücumu, məğlubiyyət sindromuna son qoyulmasına səbəb onun yenidən dəfn edilməsi barədə bu gün də fikirlərə rast gəlirik.
Əmir Teymur Gürkan tarixin ən güclü, məğlubedilməz sərkərdəsi kimi yaddaşlarda qalıb. 6 ilə Böyük İsgəndərin ələ keçirdiyi Hindistanı 12 aya alan Əmir Teymur xatırlanmağa layiq sərkərdədir. Ərdəbildə Şeyx Səfi ilə görüşdən sonra onun xahişi ilə yüzlərlə insanı azad edən Əmir Teymur qəddar olduğu qədər də böyük rəhmli insan idi.

Zaur Əliyev, dosent
Xəbəri paylaş