Nə qədər ki, Türkiyənin iqtisadi siyasətində heterodoks (qeyri-ortodoks) siyasət yürütməsi davam edəcək, o müddət ərzində ölkədəki iqtisadi təlatümlər müşahidə ediləcəkdir.
Düzdür, dünyada belə təcrübələr var ki, hiperinflyasiya dövrlərində heterodoks iqtisadi siyasət aparılır. Amma indiyə qədər ortodoks yanaşmadan tam ayrılaraq tətbiq edilən heterodoks siyasətin davamlı uğur qazanması mumkun olmamışdır. Buna görə də hesab edirəm ki, Türkiyə hökümətinin iqtisadi siyasətlərində “U” dönüşu olmadığı müddətcə ölkədə kəskin valyuta böhranı riski artacaqdır.
Hazırda bu vəziyyət lirəyə satış böhranı yaşadır. Bu böhranda isə Türkiyəni tərk etməyə çalışan kapitalın rolu getdikcə böyüyəcəkdir. Eyni zamanda böyük xarici öhdəlikləri olan türk şirkətləri artan dövriyyə riski ilə üzləşəcəklər. Ona görə də iqtisadi siyasət istiqamətində dəyişiklik edilmədən Türkiyə daha sərt kapital nəzarəti ehtimalının artması ilə daha ekstremal tədiyyə balansı böhranına doğru gedir.
Odur ki, Türkiyənin tədiyyə balansı və xarici buferlər üzərində kəskin təzyiqləri qismən azaltmaq üçün birbaşa kreditləşdirmə, valyuta mübadiləsi və enerji ticarəti sazişləri şəklində daha çox ikitərəfli və əsasən qeyd-şərtsiz xarici dəstəyə ehtiyacı vardır. Sözsüz ki, bu məsələdə Azərbaycan ən yaxşı tərəfdaşlardan biridir.
Bir müddət öncə qeyd etdiyim kimi, Türkiyə iqtisadiyyatının bu təlatümlü vəziyyətdən çıxması və genişləndirilməsi üçün həm də bir sıra geniş imkanları vardı. Bu imkanlar haqqında əvvəlki yazıda toxunduğum üçün təkrar lüzum görmürəm. Sadəcə hazırda ilk öncə Nazirlər Kabinetinin tərkibinin müəyyənləşdirilməsinə, iqtisadi idarəçiliyə gətiriləcək insanların elan edilməsinə və iqtisadi perspektivlə bağlı yeni yol xəritəsinin təqdim edilməsinə ehtiyac vardır.
Eldəniz Əmirov-iqtisadçı