Peşə Təhsili üzrə Dövlət Agentliyi, Avropa İttifaqı (Aİ) və BMT-nin İnkişaf Proqramının birgə əməkdaşlığı ilə Dənizkənarı Bulvarda ictimaiyyətə açıq “Bir Peşənin Sirri” festivalı təşkil olunub.
Newscenter.az xəbər verir ki, festival öz işinə rəsmilərin çıxışı ilə başlayıb. Çıxışlar zamanı peşə təhsilinin ölkənin inkişafındakı strateji rolundan, gənclərin məşğulluğunun və peşə təhsilinə olan marağın artırılması istiqamətində görülən işlərdən söz açılıb.
Festivalda qonaqları Bakı və müxtəlif regionları təmsil edən peşə təhsili müəssisələrinin turizm, sənaye, sənətkarlıq, kənd təsərrüfatı, İKT və ictimai iaşə istiqamətlərində təhsil alan tələbələrinin əl işlərindən ibarət sərgilər, ustad dərsləri və müxtəlif fəaliyyətlər nümayiş etdirilib. Bununla yanaşı, tədbir iştirakçıları üçün “WorldSkills Azerbaijan” platforması və “STEAM Azerbaijan” layihəsi çərçivəsində əyləncəli oyunlar və viktorinalar keçirilib, qaliblər mükafatlandırılıb.
Festivalın keçirilməsində əsas məqsəd peşə təhsili haqda məlumatlılığı artırmaq, gənclərin, valideynlərin və digər maraqlı tərəflərin bu prosesə cəlb edilməsini təşviq etməkdir.
İkinci dəfə keçirilən “Bir Peşənin Sirri” festivalına Aİ tərəfindən maliyyələşdirilən və BMTİP tərəfindən Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə birgə həyata keçirilən “Gələcək üçün Peşə Təhsili və Təlimi: Azərbaycanda Qabaqcıl Peşə Təhsili Mərkəzlərinin yaradılmasına dəstək” layihəsi dəstək verib. Festivalın tərəfdaşı Dənizkənarı Bulvar İdarəsi, media tərəfdaşı isə "Azərbaycan televiziya və radio verilişləri" qapalı səhmdar cəmiyyəti olub.
***
Peşə təhsilinin təşviqatına dəstək fəaliyyətləri, Aİ tərəfindən maliyyələşdirilən və BMTİP tərəfindən Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə birgə həyata keçirilən “Gələcək üçün Peşə Təhsili və Təlimi: Azərbaycanda Qabaqcıl Peşə Təhsili Mərkəzlərinin yaradılmasına dəstək” layihəsi çərçivəsində təşkil olunur. Layihənin əsas məqsədi əmək bazarının tələblərinə uyğun tədrisin təşkilinə dəstək olmaq və bu istiqamətdə Azərbaycandakı peşə təhsili müəssisələrinin müasirləşdirilməsinə yardım etməkdir.
Sona