Bəli, ölkəmizdə taksi xidmətində keyfiyyətin yüksəldilməsinə və bu sahədə müəyyən tənzimləmə və təmizlənməyə təxirəsalınmaz ehtiyac var. Ancaq problemin həlli üçün planlaşdırılan dəyişuliklərin heç bir efekti, nəticəsi olan deyil sözsüz ki, publik səslənən keyfiyyət məsələsini nəzərdə tuturam.
Əslində taksi xidmətində hal-hazırda yaranmış vəziyyətdən sui-istifadə açıq aşkar görünür və bu xidmətdə keyfiyyətin yüksəldilməsi adı altında bazarın ələ alınması, daha doğrusu bu sahənin monopoliya götürülməsidir. Təbii ki, taksi xidmətində qiymətin artırılması ilə nəticələnəcək addımların atılması son nəticədə, (gəlin etiraf edək) kasıb təbəqənin ictimai nəqliyyatdan istifadəsini demək olar ki, məcburi hala gətirir. Bu həm də əhali arasında təbəqələşmənin dərinləşməsi və açıq görsənməsi ilə nəticələnəcək.
Görünür ki, kasıbların taksi xidmətindən istifadəsinə süni maneə yaradılır və taksi xidmətinə tələbat aşağı düşür və kasıblara xidmət edən taksilər bazardan çıxmağa məcbur qalır. Son nəticədə bu xidmətdən imkanlı təbəqənin istifadəsi keyfiyyət və təhlükəsizliyi şərtləndirir. Həmin şərtlər isə təbii ki, bu sahədə bir əldə cəmlənmə, yeni böyük biznes monopoliyasının yaranması deməkdir.
Taksi xidmətində qiymət artımı, mübahisəsiz ölkədə avtomobil bazarına da təsir edəcək. Bu günə qədər isə ölkəyə gətirilən avtomobillərin buraxılış ili və avrostandartlarla bağlı tələblər sərtləşdirilib. Yeri gəlmişkən Gürcüstan da bu günlərdə ölkəyə gətirilən avtomobillərin 10 ildən artıq buraxılış ili olan avtomobillərə məhdudiyyət tətbiq etdi.
Əlbəttə ki, taksi xidmətində tənzimləmənin, keyfiyyətin yüksəldilməsinin əleyhinə deyiləm. Əleyhinə olduğum məsələ odur ki, bu sahədə problemlərin həlli kasıb təbəqə hesabına aparılmamalıdır. Təbii ki, ictimai nəqliyyat xidmətində keyfiyyətinin son dərəcə aşağı olması taksi xidmətinin genişlənməsinə, özbaşnalığa səbəbi danılmazdır. Zənnimcə ictimai nəqliyyatın, nəqliyyat infrastrukturun yaxşılaşdırılması bir sıra vacib problemlərin həlli deməkdir.
Maraqlısı da odur ki, həqiqətən təklif olunan dəyişiliklərin məqsədi əhaliyə xidmət məsələsidirsə, onda ictimai nəqliyyat məsələsi əvəzinə taksi xidmətə müdaxilə, dəyişiliklər mənasızdır, istədiyimiz nəticəni verməyəcək və bu qənaəti inkar etmək mümkün də deyil. Bu halda sual olunur: taksi xidməti ilə bağlı qanun dəyişikliklərinin əsl məqsədi nədir?!
Vüqar Dadaşov-hüquqşünas