Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təsdiqlədiyi Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair Tədbirlər Planına uyğun olaraq Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin bağlar ərazisində həyata keçirdiyi nəzarət tədbirləri nəticəsində bir sıra kommersiya obyektlərində və fərdi yaşayış evlərində içməli sudan qanunsuz istifadə halları aşkarlanaraq qarşısı alınıb.
Newscenter.az xəbər verir ki, Abşeron rayonu, Novxanı qəsəbəsində yerləşən quşçuluq təsərrüfatı obyektində suyun talanması faktı aşkar edilib. Məlum olub ki, obyektin su təchizatı bir müddət əvvəl qanunsuz istifadəyə görə dayandırılıb. Obyekt sahibi texniki şərt almaq, müqavilə bağlamaq əvəzinə yenidən özbaşına xətt çəkərək suyu talayıb.
Novxanı çimərliyi ərazisində yerləşən “Karadeniz” və “Noso Beach” istirahət mərkəzlərində də sudan qeyri – qanuni istifadə faktı müəyyən edilib. Hər iki obyekt texniki şərt almadan, müqavilə bağlamadan suyu talayıb. Sumqayıt şəhəri, Corat bağları, Göygöl küçəsində fərdi yaşayış evlərinin tikintisi ilə məşğul olan şəxslər də inşaat işlərində özbaşına çəkilmiş su xəttindən istifadə edib.
Aşkarlanmış bütün qeyri-qanuni su xətləri və birləşmələr ləğv edilib. Obyekt və ev sahiblərinin diqqətinə çatdırılıb ki, içməli sudan qeyri-qanuni və sayğacdankənar istifadə şəbəkələrdə hidravliki rejimlərin pozulmasına, ciddi su itkilərinə, həmin ərazilərdə yaşayan digər abonentlərin su təchizatının pisləşməsinə səbəb olur. Belə qanunsuz halların qarşısını almaq üçün tədbirlər mütəmadi davam etdiriləcək, özbaşına çəkilmiş və sayğacdankənar xətlər ləğv olunacaq, bu əməllərə yol verən fiziki və hüquqi şəxslərə qarşı sərt nəzarət tədbirlərinin görülməsi üçün hüquq-mühafizə orqanlarına müraciət olunacaq.
Qeyd edək ki, 2023-cü ilin yanvar-may aylarında 7316, Bağlar Sukanal İdarəsini xidməti ərazisində isə 415 fakt aşkarlanıb, 50-dən çox fakt araşdırılması üçün hüquq-mühafizə orqanlarına təqdim olunub.
Sona