Gürcüstanla Azərbaycan arasında quru yolunun bağlı olması orada yaşayan soydaşlarımızı dərindən narahat edir.
Newscenter.az xəbər verir ki, bu problem səbəbindən Azərbaycanda yaşayan minlərlə soydaşımız dədə-baba yurdlarına rahat gedə, xeyir - şər işlərində iştirak edə bilmirlər.
Məhz bunu nəzərə alan “Borçalı Cəmiyyəti” İctimai Birliyi sədri Ramiz Həsənov və 3 mindən çox soydaşımız Azərbaycanın Baş naziri, Nazirlər Kabineti yanında Operativ Qərargahın rəhbəri Əli Əsədova rəsmi müraciət ediblər.
Müraciəti olduğu kimi təqdim edirik:
"Hörmətli Əli müəllim!
Koronavirus pandemiyası ilə bağlı tətbiq olunan qadağalar Gürcüstan azərbaycanlılarının Azərbaycanla əlaqələrinin zədələnməsinə səbəb olduğu kimi, Azərbaycan vətəndaşı olan Gürcüstan doğumlu azərbaycanlıların da tarixi vətənləri ilə əlaqələrinə zərbə vurub. Koronavirus pandemiyasının tuğyan elədiyi dövrdə Azərbaycan hökumətinin məcburiyyət qarşısında tətbiq etdiyi məhdudiyyətlər soydaşlarımız tərəfindən anlayışla qarşılanmışdır.
Məlumunuz olduğu kimi Ümumdünya Səhiyyə Təşkilatı 5 may 2023-cü il tarixində COVID-19 ilə bağlı tətbiq edilən qlobal fövqəladə vəziyyətin sona çatdığını elan etdi.
Gürcüstan hökuməti isə koronavirus pandemiyası ilə bağlı məhdudiyyətləri bir il öncə, 15 iyul 2022-ci ildə ləğv edib.
COVID-19 ilə bağlı tətbiq edilən qlobal fövqəladə vəziyyətin sona çatdığını və Gürcüstan hökumətinin ölkəyə girişə bir il öncə izn verməsini əsas götürərək, Azərbaycan vətəndaşı olan yüz minlərlə Gürcüstan əsilli soydaşlarımızın tarixi vətənləri ilə məhdudiyyətsiz əlaqə saxlaması üçün Azərbaycan və Gürcüstan vətəndaşları üçün quru sərhədlərinin tam açılmasına qərar verməyinizi yüzminlərlə soydaşımızın adından xahiş edirik.
Hörmətlə;
Ramiz Həsənov,
“Borçalı Cəmiyyəti” İctimai Birliyinin sədri".