İyunun 14-də Bakı şəhəri 229 nömrəli tam orta məktəbdə “Son zəng” tədbiri keçirilib.
Newscenter.az xəbər verir ki, tədbirdə Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva, Nizami Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Coşqun Cəbrayılov, Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, Milli Qəhrəman Yuri Kovalyovun qardaşı Vitali Kovalyov, ictimaiyyət nümayəndələri, məktəb rəhbərliyi, müəllimlər, valideynlər və məzunlar iştirak ediblər.
Tədbir Dövlət Himninin səsləndirilməsi və Vətən şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Salamlama nitqi ilə çıxış edən məktəbin direktoru Vüsalə Məmmədova məzunları təbrik edib və onlara gələcək həyatlarında uğurlar diləyib. V.Məmmədova rəhbərlik etdiyi təhsil ocağında ümumilikdə 1 537 şagirdin təhsil aldığını, onlardan 107 nəfərin bu il məzun olduğunu diqqətə çatdırıb.
Tədbirdə çıxış edən Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli məzunları XI sinfi uğurla başa vurmaları münasibətilə təbrik edib, onlara gələcək təhsil həyatında nailiyyətlər arzulayıb, şagirdlərin Vətənə, xalqa, dövlətə layiqli gənclər, şəxsiyyətlər kimi yetişəcəyinə əminliyini ifadə edib. M.Kərimli ölkə Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı, Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə ümumi təhsil müəssisələrinin infrastrukturunun yaxşılaşdırılması istiqamətində görülən işlərin gələcəyimiz olan gənclərə daha yaxşı təhsil imkanı yaratmağa xidmət etdiyini, təhsilin əlçatanlığını təmin etmək və savadlı nəsil yetişdirmək olduğunu vurğulayıb.
BŞTİ müdiri Mehriban Vəliyeva dərs ilinin başa çatması münasibətilə bütün təhsil iştirakçılarını- müəllim və şagirdləri, valideynləri, xüsusilə də məktəb həyatını başa vuran və müstəqil həyata atılan məzunları təbrik edib. İdarə müdiri ötən tədris ilində paytaxtın təhsil həyatında yaddaqalan məqamlardan, həyata keçirilən uğurlu layihələrdən, yeniliklərdən danışıb. Bildirib ki, BŞTİ tərəfindən təhsildə keyfiyyətin davamlılığını təmin etmək, həmçinin ümumi təhsil sahəsində müasir dövrün çağırışlarına əsaslanmaqla inkişafı şərtləndirən dəyişikliklərə nail olmaq məqsədilə bütün imkanlar səfərbər edilib.
Məzunlara gələcək təhsil pillələrində uğurlar arzu edən M.Vəliyeva bu gün Azərbaycan məktəbinin yetirmələrinin Vətən Müharibəsində möhtəşəm zəfər qazanan qalib ölkənin savadlı, bacarıqlı gəncləri olaraq azad Qarabağın yenidən qurulmasına öz layiqli töhfəsini verəcəklərinə əminliyini bildirib.
Nizami RİH başçısı Coşqun Cəbrayılov “Son zəng” münasibətilə məzunları təbrik edib. C.Cəbrayılov ölkəmizdə təhsil sektorunda ilbəil nəzərə çarpan inkişaf prosesindən, son illərdə təhsil sahəsində aparılan islahatlardan danışıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə icra edilən inkişaf proqramlarının təhsil sistemində keyfiyyətcə yeni inkişaf meyilləri yaratdığını söyləyib.
YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov və Milli Qəhrəman Yuri Kovalyovun qardaşı Vitali Kovalyov çıxışı zamanı məzunları təbrik edib, onlara Azərbaycanın inkişafı naminə layiqli vətəndaş, peşəkar mütəxəssis kimi yetişməyi tövsiyyə ediblər.
Daha sonra çıxış edən məzunlar və onların valideynləri dövlətin məktəbə, təhsil işçilərinə yaratdığı şərait, istedadlı şagirdlərə göstərdiyi diqqətdən danışıblar.
Tədbir məzunların hazırladıqları ədəbi-bədii kompozisiyalarla davam etdirilib.
R.Mehdiyeva