Əhaliyə göstərilən nəqliyyat xidmətinin yaxşılaşdırılması, qeyri-qanuni sərnişin daşımalarının qarşısının alınması məqsədilə Sumqayıt şəhərində reydlər keçirilib.
Newscenter.az xəbər verir ki, Sumqayıt Şəhər Polis İdarəsi, Dövlət yol polisi şöbəsi və AYNA-nın əməkdaşlarının birgə keçirdiyi reyd Sülh prospekti, Bakı küçəsi və şəhər avtovağzalı ətrafından Sumqayıt-Bakı istiqaməti üzrə qanunsuz sərnişindaşıma fəaliyyəti göstərən nəqliyyat vasitələrinə qarşı aparılıb.
Qeyri-qanuni sərnişindaşıma fəaliyyəti göstərən avtonəqliyyat vasitələri sözügedən ərazilərdən çıxarılıb, Sumqayıt-Bakı istiqaməti üzrə sərnişindaşımanın Sumqayıt avtovağzalından fəaliyyət göstərməsi təmin olunub.
Reydlərin başlandığı 19 may tarixindən bu günədək gündəlik 2500 nəfərə yaxın sərnişinin Bakı şəhəri istiqamətində daşınması təmin edilib.
Qeyd edək ki, Sumqayıt şəhərindən paytaxt istiqamətinə hərəkət edən qeyri-müntəzəm avtobuslar Bakı şəhərinin girişində ciddi tıxaclara səbəb olur.
Bildiririk ki, Bakı Beynəlxalq Avtovağzal Kompleksinin (BBAK) ərazisində Nəqliyyat Mübadilə Mərkəzi fəaliyyət göstərir. Həmin mərkəzdən Bakının müxtəlif istiqamətlərinə avtobus marşrutları hərəkət edir. Nəticədə vətəndaşlar rahat və təhlükəsiz şəkildə sərnişindaşıma xidmətindən yararlana bilirlər. BBAK-ın qarşısındakı “Avtovağzal” metro stansiyası da sərnişinlərin ixtiyarındadır.
AYNA bir daha sərnişinlərdən xahiş edir ki, Bakının yol hərəkətinin təşkili, ictimai nəqliyyatın tənzimlənməsi və yolların buraxılış imkanlarının artırılmasına hesablanan bütün addımları nəzərə alaraq “20 Yanvar” metro stansiyasına deyil, “Avtovağzal” metro stansiyası və Avtovağzal Nəqliyyat Mübadilə Mərkəzinə üstünlük versinlər.
Natiq Orucov