Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Avtobuslarda nağdsız ödənişlər üçün yeni mobil tətbiq təqdim edildi

Avtobuslarda nağdsız ödənişlər üçün yeni mobil tətbiq təqdim edildi


Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sərnişinlərin ictimai nəqliyyatdan istifadəsini rahatlaşdırmaq, xidmət keyfiyyətini artırmaq məqsədilə sərnişindaşıma sahəsində innovativ həllərin tətbiqini davam etdirir. Belə ki, “BakıKart” plastik kartlarını idarə etmək və səfər planlamasını aparmaq üçün yeni tətbiq istifadəyə verilib. Bu tətbiqlə istifadəçilər asanlıqla səfərlərini planlaya, “BakıKart” plastik kartların balansını artıra və gediş haqqını ödəyə bilərlər.

Newscenter.az xəbər verir ki, mobil tətbiqdə qeydiyyatdan keçmək üçün yalnız mobil nömrə və şifr kifayətdir.

İstifadəçilər marşrutları asanlıqla axtara, təyinat yerinə getmək üçün ən yaxın dayanacaqları tapa və avtobusları real vaxt rejimində izləyə bilərlər.

Tətbiq istifadəçilərə bir neçə QR biletləri yaratmağa və QR bilet tarixçələrini görməyə imkan verir. Həmçinin istifadəçilərə vaxta qənaət etmək imkanı qazandırır və ictimai nəqliyyatdan istifadə prosesini sadələşdirir.

“BakıKart” mobil tətbiqi və www.bakikart.az saytı vasitəsilə təmin edilən platforma üzrə hesablar vahiddir. Bu o deməkdir ki, www.bakikart.az saytı vasitəsilə qeydiyyatdan keçmiş istifadəçilər üçün mobil tətbiqdə yenidən qeydiyyatdan keçməyə ehtiyac yoxdur. İstifadəçilər yalnız qeydiyyatdan keçdikləri mobil nömrə və şifri daxil etməklə mobil tətbiqdən yararlana bilərlər.

“BakıKart” mobil tətbiqinin beta versiyasını həm “App Store”, həm də “Google Play Store”da yükləmək mümkündür.

Tətbiq hazırda beta versiyada olduğu üçün istifadəçilər xətalarla və ya qeyri-dəqiq məlumatlarla qarşılaşa bilərlər. Bununla əlaqədar olaraq beta istifadəçilərdən qarşılaşdıqları xətalar barədə tətbiq vasitəsilə məlumat vermələri xahiş olunur. Texniki məsələlərlə bağlı *4343 qısa nömrəsinə və “141” Çağrı Mərkəzinə müraciət etmək mümkündür.

Mehman Mehdiyev
Xəbəri paylaş