"Belə görünür ki, BQXK-nin qanunsuz fəaliyyəti və qaçaqmalçılıqla məşğul olması haqqında məlumatlar yeni deyil. Bu fəaliyyət Azərbaycan tərəfinə bəlli olub, lakin müəyyən diplomatik-siyasi etiket qaydalarına görə BQXK-nın bu əməlləri ictimailəşməyib. İndi bu məlumatların ictimailəşməsi isə komitənin Azərbaycan tərəfinin dəfələrlə edilən müraciətlərindən nəticə çıxarmaması ilə bağlıdır".
Bu fikirləri Newscenter.az-a politoloq Yusif Bağırzadə səsləndirib. O bildirib ki, Dövlət Sərhəd Xidməti də öz rəsmi məlumatında ötən müddət ərzində BQXK-ya aid nəqliyyat vasitələrində dəfələrlə qanunsuz yolla müxtəlif növ qaçaqmalın keçirilməsi cəhdlərinin aşkarlandığını təsdiqləyir:
"Yəni başqa sözlə ifadə etsək BQXK-nın xəbərdarlıqlara məhəl qoymaması Azərbaycan tərəfini faktı ictimailəşdirməyə məcbur edib".
Yusif Bağırzadə on u da deyib ki, BQXK-nın indiyə qədər onsiz da Ermənistan maraqlarından çıxış etdiyinə dəfələrlə şahidlik etmişik:
"Lakin onlar bu fəaliyyətlərini humanitar yardım adı altında pərdələyərək əsl mahiyyətlərini gizlətməyə çalışırdılar. İndi isə fakt ortadadır. Çəkiliş aparılıb, faktlar ictimailəşib və təbii ki buna müvafiq olaraq da cinayət işi açılıb.
Biz Azərbaycan tərəfi olaraq Ermənistan Respublikası ilə dövlət sərhədində “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsi fəaliyyətə başladığı tarixdən Beynəlxalq Qırmızı Xaç Komitəsinə məxsus nəqliyyat vasitələrinin dövlət sərhədindən hərəkətinə hər zaman lazımi şərait yaratmışıq və onlara bu istiqamətdə bütün dəstəyi vermişik. Lakin, əslində fəaliyyətində qərəzsizilik və neytrallığı əsas tutmalı olan bu Komitə öz qanunsuz əməlləri ilə bitərəf olmadığını, qanunlara hörmət etmədiyini sübut etmiş oldu".
Yusif Bağırzadə onu da qeyd edib ki, BQXK-ya məxsus olan və tibbi təxliyyə həyata keçirən nəqliyyat vasitələrindən qaçaqmalçılıq üçün istifadə edilməsi Azərbaycan Respublikasının qanunlarının kobud şəkildə pozulması faktları olmaqla yanaşı, həm də ölkəmizin humanitar təşkilat olan BQXK-ya olan etimadından sui-istifadə olunmasıdır:
"Baş verənlərin BQXK-nın bütün dünyadakı nüfuzuna mənfi təsir edəcəyi şübhəsizdir. Düşünürəm ki, BQXK-nın Qarabağdakı qanunsuz fəaliyyəti ilə bağlı həm BMT səviyyəsində məsələ qaldırılmalı, həm də baş verən qanunsuzluqlarla bağlı Beynəlxaq Ədalət Məhkəməsinə də müraciət olunmalıdır".
Anar Əliyev