Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

BQXK-nin imici ciddi şəkildə ayaqlar altına atılır -ÖZƏL

BQXK-nin imici ciddi şəkildə ayaqlar altına atılır


"Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) münaqişə regionlarında göstərdiyi fəaliyyət beynəlxalq qanunlara əsaslanır və bu təşkilat bir çox fəaliyyətlər həyata keçirir. Yaralı və əsir düşmüş hərbiçilər, döyüş meydanında və ya cəbhə zolağında həlak olmuş əsgərlərin meyitlərinin geri verilməsi kimi məsələlərlə əlaqəli hər zaman BQXK-nin fəaliyyətini müşahidə etmişik. Qarabağ ərazisində son dövrlər BQXK qeyd edilən fəaliyyətlə yanaşı erməni əhalinin tibbi tələbatlarını yerinə yetirmək, xəstələrin və müəyyən qida məhsullarının da daşınması fəaliyyəti də görünməyə başlanıb. BQXK beynəlxalq təşkilat olsa da, görünən odur ki, bu təşkilatın nəqliyyat vasitələrinin sürücüləri erməni əsilli insanlardır. Laçın keçid məntəqəsində BQXK-nin saxlanılan və bəyannamədə təsbit edilməyən yükləri daşıyanlar da erməni sürücülərdir".

Bu fikirləri Newscenter.az-a BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov səsləndirib. O bildirib ki, telefon və aksessuarlar, siqaret, benzin kimi məhsulları qaçaqmalçılıq yolu ilə Xankəndiyə aparmaq cəhdləri dəfələrlə ifşa edilib:

"Məsələ ondadır ki, bu insanlar ehtiyac duyulan məhsulları yaxşı bilirlər və çalışırlar ki, bu yolla gəlir əldə etsinlər. Əslində, hesab edirəm ki, BQXK-nin bu işdə əli yoxdur, amma hər halda məsuliyyət onların üzərindədir. Təbii olaraq, hansısa erməninin fəaliyyəti BQXK-nin imicini ciddi şəkildə ayaqlar altına alır, onların adının qeyri-qanuni fəaliyyətdə hallandırır".

Azər Qasımov hesab edir ki, BQXK bu nüansları nəzərə alaraq daşınan yüklərə əvvəla ciddi nəzarət mexanizmi həyata keçirəcək, sonra isə erməni əhalinin bu işlərdə işlədilməsi praktikasına son verəcəkdir:

"Hansısa erməni BQXK-nin adına ləkə gətirməməli, Azərbaycan dövləti qarşısında onun fəaliyyətinə kölgə salmamalıdır".

Anar Əliyev
Xəbəri paylaş