Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Sözün ucalığında söz ucalığı və yaxud dünya öz rəngində gözəldi

Sözün ucalığında söz ucalığı və yaxud dünya öz rəngində gözəldi


Şeir haqqında fikir bildirəndə şeir misralarına istinad günah deyil...
Xalq şairi Zəlimxan Yaqubun “Özün basdırdığın ağaca söykən” misrasını xatırlayıram...
Memar (və şair) Yusif İsa oğlu Məmmədov xeyirxah əməllərinə, vətənpərvərliyinə, Vətənə sevgisinə, ustadı bildiyi Əcəmi İbn Əbubəkr Naxçıvani ənənələrindən rişələnmiş memarlıq əsərlərinə, bir də şeirlərinə söykənib dumduru ömür yaşadı – memar ömrü, şair ömrü...
Hüseyn Arif yazın gəlişini, bulaqların zümzüməsini, külək əsişini, yarpaq gülüşünü, selin daşmasını, daşıb sahil aşmasına, cığırın cığıra qarışmasını,... şeir bilirdi. Yəni, şair deyirdi ki, görüntülərin də poetik ifadəsi olur. Duyan görür. Görən sevir, bunlar oxuyana (oxucuya!) həmişə könül xoşluğu verir. Bədii təsvir vasitələriylə süslənən şeir oxucunun həm duyğularının, həm də düşüncələrinin munisidi. İncə munisdi, mənəvi-ruhi munisdi, arzulanan munisdi. Bəzən bu munislik üçün darıxırsan da.
Şeir həm ucalığa yaxın ruhların, ucalığa bağlı ruhların, ucalıqla bağrıbadaş ruhların (ruha düşüncə sistemi deyə bilərikmi?..) pıçıltısıdı, həm də bu ruhu yaşatma vasitəsidi...
Yusif İsa oğlu 1943-cü il iyulun 12-də Zəngilan şəhərində anadan olmuşdu. Orta məktəbi gümüş medalla bitirmişdi. 1965-ci ildə C.İldırım adına Azərbaycan Politexnik İnstitutunun memarlıq fakültəsini fərqlənmə diplomu ilə bitirmişdi.
1966-cı ildən 1969-cu ilə kimi Naxçıvan şəhərinin baş memarı vəzifəsində işləmişdi. Ailə vəziyyəti ilə əlaqədar 1969-cu ildən sonra döğma rayonu Zəngilana qayıdaraq müxtəlif tikinti idarələrində rəhbər vəzifədə işləmiş, rayonda aparılan tikinti-abadlıq işlərində səylə çalışmışdır. Amansız ölüm Yusif İsa oğlu Məmmədovu ömürünün çiçəklənən çağında 39 yaşında sıramızdan aparmışdı.
Poeziyaya maraq nə vaxt yaranmışdı Yusif İsa oğlunda? Zəngilanda orta məktəbdə oxuyandamı? Tələbəliyində Xəzərin dalğalarının ecazkarlığını gözlərinə, gözlərindən könlünə köçürəndəmi? Mömünəxatun türbəsinin bənzərsizliyinə aludəliklə baxandamı?
Əcəmi Naxçıvaniyə şeir yazanda da elə bil ruhunun diqtəsini yazıb. “İlhamını daşdan almış Vətən oğlu, kərpiclərdən bəzək salmış Vətən oğlu” xitablarıyla müraciəti Əcəmi ibn Əbubəkirə sevginin, tarixi min illərlə səsləşən möcüzəyə vurğunluğun şeiridi, bəşəriliyə pərvanəliyin şeiridi:
 
Bu həyatda görməyəndə həqiqəti,
Kərpiclərdən “Allah” yazmış.
“Allah” sözü bəzədikcə hər bir səthi,
Xəyalında “Sabah” yazmış...
 
                                                                      (“Yaşayıb yaradanlar”)
 
Zamanda nəyisə, nələrisə dəyişdirmə hökmü var; əlahəzrət zaman dağı da dəyişir, çəməni də, yal-yamacı da, çayı da, bulağı da,... Yaradılanın tarixə heyrətini dəyişə bilmir, buna qüdrəti çatmır – Əcəmi Naxçıvaninin möcüzələri kimi. Belə möcüzələrə poetik yozum vermək bu günün faktıdı, sabahlar üçün tarixdi – Yusif İsa oğlunun şeirləri kimi. Bu şeirlər ruhdan gəlib ruha köçən şeirlər kimi oxunur – belə yazılıb deyə.
Həyat, yaşam fəlsəfəsi müxtəlif olur; dünyaduyumuna görə, insanlara (və insanlığa!) münasibətə görə, görünməzlikləri sezmə (görmə!) instiktinə görə Yusif İsa oğlunun “Tərcümeyi-halım” şeiri bu düşüncələrin işığında oxunur, həm də bu işığın zəmanəti ilə oxunur. Həyatın fəlsəfəsi kimi yazılan şeirin mahiyyəti sevgidir. Bu sevgidə “Günəş qüdrəti var”; – şairin bədii “mən”inin “Mən Günəşəm!” – inamında bəşərilik çalarları olduğuna görə:
 
Nə qədər ki, həyat var,
Mən də yaşayasıyam!
 
Analar haqqında, anaya bəşəri sevgi haqqında yüzlərlə şeir yazılıb. Cəfər Cabbarlının “Ana” şeirinin son misrası mənim də könül mülkümün səyyarəsidir:
 
            Ana, mən sənə rahibəm itaətdə...
 
Yusif İsa oğlunun “Öpüm ayağından” şeirində ana obrazı fərdilikdən daha çox ümumiləşdirilmiş obrazdır; şair anasına olan sevgisini analara olan sevgi səviyyəsində təqdim edə bilib. Kölgənin  işıq kimi mənalandırılması ululuğa sədaqətin ifadəsidir zənnimcə: 
 
Həyatın əzab təqvimi
saçının gümüşü, ağıdır.
Üstümüzdəki kölgən
evimizin çırağıdır,
                              ana...
 Səməd Vurğun Əlağa Kürçaylının zamanında bir şeirinə görə Yazıçılar İttifaqına üzv qəbul olunmasına zəmanət vermişdi. Xeyirxah zəmanətlər olsaydı Yusif Məmmədov da təkcə anasına yazdığı “Öpüm ayaqlarından” şeirinə görə Yazıçılar İttifaqının üzvü olardı...
Poeziyada təbiət təsvirləri oxuyanın duyğularını da tərpədir (titrədir!), düşüncələrini də. Daşda qaya, qayada dağ əzəməti sezmək, hiss etmək, duymaq, duyuma poetik biçim vermək təfəkkürün qüdrətidir; hər üç halda misralarda (bütövlükdə şeirdə) dağ obrazının poetik ucalığı görünür, bu ucalıq təbiətə şeirlə ehtiramın (və sədaqətin!) simvolu kimi ifadə edilir. “Qayalar” şeiri də belə oxunur:
 
Gündüzlər Günəşin, gecələr Ayın,
Nurunu saçına düzər qayalar.
Füsunkar hüsnünə biganə olsan,
Şıltaq gözəl kimi küsər qayalar.
 
Qaya obrazı dağ obrazı kimi dərk edilir, sərtlikdə kövrəklik, soyuqluqda hərarət, uzaqlıqda yaxınlıq mənəvi-ruhi dərk üçün simvolik predmetdir. Biganələrdən küsən qayalar məqamında düşmənə çəpər də olur, düşmənin qarşısında keçilməz səddə də çevrilir – bəd niyyətlərin, qara (həm rəng, həm də irilik, böyüklük anlamında) niyyətlərin yolunu kəsir, Yusif İsa oğluna görə, əyyami-qədimdən
 
Xalqın əyilməyən vüqarıdır o,
Düşmənin yolunu kəsər qayalar.
 
                                                  (“Qayalar”)
 
Şeir bütövlükdə vətənsevərliyin şeiridir.
Fəlsəfi qayəsi sosial həyatın təsvirinə çevrilən poetik təqdimatlar (şeirlər) duyğulardan daha çox düşüncələrə ünvanlanır. 70-ci illər Azərbaycan şeirində Bəxtiyar Vahabzadə, Nəbi Xəzri, Xəlil Rza Ulutürk, Məmməd Araz... nəfəsi vardı və bu poetik nəfəslər yeni səslərin yolgöstərəninə dönürdü. Poeziyamızda Araz həm gerçək dərd kimi yaşanılır, həm də simvolik dərd kimi; ayrılıq qılıncı da deyilib ona. Yusif İsa oğlunun “Arazın haça dərdi” misrası da böyük ayrılığın böyük dərdi haqqında böyük poetik fikirdir. 1969-cu ildə Naxçıvanda yazılmış “Fikir” şeiri həm də bu baxımdan ruhumuzun şeiridi. Bu və ya digər fikir poetik ülgü ilə təqdim ediləndə daha təsirli, daha yaddaqalan (bəlkə də daha tarixi!) olur. Belə şeirlərə qeyri-adiliyin şeiri deyərdim. Qeyri-adiliyin şeirində qeyri-adi duyğular ifadə edildiyinə görə o, adiliyə sığmayan ovqat yaşadılır. “Fikir” şeirində olduğu kimi:
 
Arazın haça dərdi,
Nənəmin böyüdən eynəyi,
Yumağı, bir də boş sənəyi.
Həyat qayğısı,
yaşamaq qayğısı,
ömrmün yarısı –
                            fikir...
 
“Kağızlar” şeiri 1968-ci ildə yazılıb. Sovet ideologiyasının ən kəsərli vaxtlarında! Şeir etirazın şeridir, etiraz - ruhun  azadlığına, şəxsiyyətə, sevgiyə pərsəng olan nə varsa, hamısına etirazdı. Şeir insana, insanlığa sevginin şeiridi; şeirdə satira yoxdu, satira ovqatı var; şeir düşüncələrin şeiridi:
 
Kağız var
yığın-yığın,
qalaq-qalaq,
Rəngləri də müxtəlif,
Adları calaq-calaq:
Müqavilənamə,
vəkalətnamə,
mən nə bilim
            daha nə...
Məndən olsa,
ataram hamısını.
saxlaram bircə dənə.
Kağızsız, qələmsiz
vicdannamə...
 
Yusif İsa oğlunun məhəbbət şeirlərində orijinal fikirlər yüksək bədii dəyəri ilə səciyyəvidir. Bu səciyyəvilikdə bənzərsizlik çalarları da var. “Baharın ilk günü” şeiri dediklərimizin təkzibedilməz gerçəkliyidir:
 
Sevgilimin qumral saçları
barmaqlarıma boylanır.
 
misraları şairin poetik duyumunun işığı olmaqla “uca göylərin mehrabına” (N.Gəncəvi) sədaqəti ifadə edir. Və sevilir. Yaşayacaq. Yaşadılaacq...
Yusif İsa oğlu həm də sözün memarı idi; sözləri poetik fikir olurdu, poetik fikirləri oxunan, yaddaqalan (və yaşayan!) şeir idi!
Sözün ucalığında söz ucalığı var Yusif İsa oğlunun şeirlərində. O ucalıqdan dünya öz rəngində görünür...

Dünyanı öz rəngində görmək nə gözəldi, memar Yusif İsa oğlu, şair Yusif İsa oğlu! Sən dünyanı öz rəngində görməyin təşnəsiydin. Əməllərinlə, şeirlərinlə...
 
Bayram MƏMMƏDOV,
Əməkdar müəllim

 
Xəbəri paylaş