"Hər bir ölkənin inkişafında sabitliyin və iqtisadi amilin rolu Azərbaycanın bugünkü reallıqlarında bir daha öz təsdiqini tapır. Ölkəmizdə mövcud sabitlik və iqtisadi tərəqqi əməkdaşlıq əlaqələrinin genişlənməsində də öz sözünü deyir. Bu məqamı xüsusi qeyd etməliyik ki, tarixi Zəfərimiz, eyni zamanda, postmünaqişə dövrünün reallıqları bütün sahələrdə malik olduğumuz imkanların təqdimatında əhəmiyyətli rol oynayır. Təkcə cari ilin ötən dövrünün reallıqlarına diqqət yetirsək möhkəm təməlin uğurların davamlılığında rolunu aydın şəkildə görərik. İyulun 11-də dövlət başçısı İlham Əliyevin sədrliyi ilə 2023-cü ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirə keçirildi. Ölkə Prezidentinin qeyd etdiyi kimi, bu ilin altı ayında əsas istiqamət ölkəmizin dayanıqlı inkişafının təmin edilməsi, qeyri-neft sektorunun inkişafı, Qarabağın və Şərqi Zəngəzurun bərpası, iqtisadi və sosial sahələrdə islahatların davam etdirilməsi oldu.
Genişmiqyaslı islahatlar, əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atılan addımlar, qeyri-neft sektorunun inkişafına yönələn tədbirlər, eyni zamanda, bu inkişafın fonunda işğaldan azad edilmiş ərazilərimizdə aparılan bərpa və quruculuq işləri bir daha dünyanın diqqətini Azərbaycana yönəltdi. Hər zaman qeyd etdiyimiz kimi, Azərbaycan dünyaya təkmil dirçəliş modelini təqdim edir. Tarixi Zəfərimizdən dərhal sonra başlanan genişmiqyaslı bərpa-quruculuq işləri soydaşlarımızın mərhələli şəkildə öz dogma yurd-yuvalarına qayıdışı ilə müşaiyət olunur.”
Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.
Malik Həsənov diqqəti 2023-cü ilin dövlət büdcəsinə əlavəyə yönəldərək bildirib ki, cənab İlham Əliyevin müşavirədəki çıxışında bu məqam xüsusi diqqətdə oldu: “Reallıq budur ki, iqtisadi və maliyyə imkanlarımızın genişliyi hər bir sahədə davamlı uğurlara nail olmaq üçün zəruri tədbirlərin görülməsinə stimul verir. Müşavirədə qeyd edildi ki, maliyyə sektorundakı nizam-intizamın möhkəmləndirilməsi, vergi və gömrük orqanlarında islahatların davam etdirilməsi, şəffaflığın təmin edilməsi və digər amillər ilin ortasında büdcəyə yenidən baxmağa və dürüstləşmə aparmağa imkan verdi. “Onsuz da bizim builki dövlət büdcəmiz rekord həddə çatmışdır, 33 milyard manatdan çox səviyyəyə qalxmışdır. Ancaq ilin birinci yarısında əlavə gəlirlərin əldə edilməsi imkan verdi ki, biz təcili həllini gözləyən məsələləri daha tez zamanda həll etmək üçün büdcəyə əlavələr edək və bunu etdik” söyləyən dövlət başçısı hazırda büdcəmizin 36 milyard manatdan çox olduğunu xüsusi vurğulayaraq onu da əlavə etdi ki, bu, həm ölkə qarşısında duran əsas investisiya layihələrini icra etməyə, həm azad edilmiş torpaqlarda geniş quruculuq işlərini aparmağa və həm də hərbi gücümüzü artırmağa imkanlar yaradır. Bütövlükdə büdcəyə 3 milyard manatdan çox vəsait əlavə edilib ki, bunun 1,8 milyard manatı Qarabağın və Şərqi Zəngəzurun bərpa edilməsinə, 1,1 milyard manat isə hərbi potensialımızın güclənməsinə yönəlib. Bu mühüm addım dövlətimizin siyasətində hər iki istiqamətin prioritetliyini təsdiqləyir.”
Millət vəkili qeyd edib ki, Böyük Qayıdış proqramının uğurla həyata keçirilməsi nəticələrdə özünün aydın ifadəsini tapır: “Belə ki, bu ilin ötən dövründə Talış kəndinə və Laçın şəhərinə keçmiş məcburi köçkünlərin qayıtması təmin edilib. İlin sonuna qədər Laçın şəhərinin Zabux və Sus kəndlərinə də keçmiş məcburi köçkünlərin qayıtması nəzərdə tutulub. Bütövlükdə 2023-cü ilin sonuna qədər beş yaşayış məntəqəsində - bir şəhər və dörd kənddə soydaşlarımız tam məskunlaşacaqlar. Dövlət başçısı İlham Əliyev müşavirədə bu statistik rəqəmi açıqladı ki, Böyük Qayıdış proqramının birinci mərhələsində 100 yaşayış məntəqəsinin yenidən qurulması nəzərdə tutulur. Ölkə Prezidenti bu günədək 30 yaşayış məntəqəsinin - 8 şəhər, 22 qəsəbə və kəndin təməlinin qoyulmasında iştirak edib. Hər bir statistik rəqəm Azərbaycanın malik olduğu imkanlarla yanaşı, hədəflərə zamanında və yüksək səviyyədə nail olmasının təqdimatıdır.”
Malik Həsənov vurğulayıb ki, hazırkı dövrün əsas hədəfi olan hərbi gücümüzün artırılmasına gəldikdə Azərbaycan 44 günlük İkinci Qarabağ münaqişəsində 30 ilin işğalına son qoyub ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etməklə nəyə qadir olduğunu dünyaya nümayiş etdirdi: “Müzəffər Ali Baş Komandan İlham Əliyev postmünaqişə dövrünün hədəflərini açıqlayarkən hərbi qüdrətimizin artırılmasını xüsusi qeyd etmişdir. Bu gün Azərbaycan Silahlı Qüvvələri daha böyük hərbi potensiala malikdir. Ordumuz həm döyüş qabiliyyəti, həm də silah və texnika ilə təchizat baxımından daha da güclü olacaq. Dövlət başçısı İlham Əliyev bir daha bildirdi ki, iki istiqamət üzrə - hərbi potensiala və azad edilmiş torpaqların bərpasına nə qədər vəsait lazımdır biz o qədər də ayıracağıq. Bu siyasət ölkəmizin qüdrətini artırır. Çünki bu gün dünyada güc amili ön plandadır. Son iki il yarımın reallıqları bir daha təsdiqlədi ki, heç kim Azərbaycanın iradəsinə təsir edə bilməz. Azərbaycanla hədə-qorxu, ultimatum dili ilə heç kim danışa bilməz və bundan sonra belə cəhdlər də olmayacaq.”
Millət vəkili belə bir ümumiləşdirməni aparıb ki, Azərbaycanın artan iqtisadi imkanları bütün sahələrdə davamlı uğurları təmin edir: “Bölgədə sülhün və təhlükəsizliyin təmin edilməsi üçün Azərbaycanın təklif etdiyi sülh müqaviləsinin reallığa çevrilməsi istiqamətində səylər daha da artırılır. Hər zaman ədalətin və beynəlxalq hüququn yanında olan Azərbaycanın sülh müqaviləsi ilə bağlı mövqeyi aydındır. Son dövrün reallıqlarından biri də budur ki, Ermənistanın mövqeyində müsbətə doğru hərəkət var. Müzəffər Ali Baş Komandan belə bir çağırışı səsləndirdi ki, qarşı tərəf sözdə ifadə etdiyi prinsipləri kağız üzərinə də keçirməlidir.”
Anar Əliyev