NATO-nun Litvada keçirilən zirvə görüşü bir sıra məqamları, diqqət çəkən anları ilə yadda qaldı. Xüsusilə, hərbi alyansın Ukrayna ilə bağlı mövqeyi təkcə NATO üzvü olan deyil, eləcə də alyansdan kənar ölkələr üçün də diqqətçəkici, maraqlı idi. Ancaq bütün halda bu dəfə də Ukraynanın NATO-ya üzvlük məsələsi reallaşmadı. Əslində hərbi alyansın baş katibi də Rusiya-Ukrayna müharibısi başa çatmadan Kiyevin NATO-ya üzv qəbul edilməyəcəyini açıq şəkildə bəyan etmişdi.
Newscenter.az-ın xəbərinə görə, NATO samiiti barədə fikirlərini bölüşən siyasi ekspert Çingiz Şahbazi deyib ki, Rusiyanı hədəf alan "NATO-ya Ukraynanın qəbul edilməsi, hazırkı şərtlərə bağlıdır və şərtlər uyğun gəldiyi zaman Ukraynaya dəvət göndərəcəyik" bəyanat, Rusiyanın rəsmi dairələrində ciddi şəkildə narahatlıq doğurdu. Bu bəyanat Türkiyənin bəlli şərtlər müqabilində İsveçin NATO-ya qəbul edilməsinə razılıq verdiyi toplantı çərçivəsində, alyansın Baş Katibi Stoltenberqin çıxışı zamanı verdiyi açıqlamada qeyd edildi:
"Toplantıda iştirak edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ABŞ prezidenti Co Baydenlə bir saatlıq görüşü və görüş zamanı əldə edilən nəticələr deməyə əsas verir ki, ABŞ və Türkiyə arasında münasibətlərə yenidən baxılacaq və münasibətlərin yaxşılaşmasına dair ciddi addımların atılacağı gözlənilir. Bunu dünya mediasında ABŞ və Türkiyə arasında yeni dönəmin başlanğıcı kimi yozanlar da az deyil. Əslində yeni dönəm dediyimiz siyasi şəkillənmə heç də Türkiyənin Orta Şərqdə və digər bölgələrdə yürütdüyü geosiyasi maraqlardan geri çəkiləcəyi anlamına gəlmir. Əksinə yeni dönəmdə Türkəyənin daha ciddi şəkildə geosiyasi maraqlar üzərindən böyük layihələr həyata keçirmək üçün önü açılır. Bura xüsusi olaraq Rusiya ilə əlaqələri daxil etmək lazımdır. Çünki, Türkiyə tək bir NATO ölkəsidir ki, Rusiya ilə münasibətləri qoruyub saxlaya bilib və bu münasibətlərin qorunub saxlanılması bir çox hallarda Qərbin işinə də faydalı olmuşdur. Taxilla bağlı yaranan krizisin məhz Türkiyənin vasitəsilə həllini tapması bunu deməyə əsas verir. Yeri gəlmişkən qeyd edək ki, bu il də taxıl məsələsi ilə bağlı anlaşmada problemlər yaşanır və Rusiya prezidenti Vladimir Putinin Ankaraya səfəri gözlənilir. Məsələ səfər çərçivəsində öz həllini tapmalıdır. Rusiya Ukrayna müharibəsindən qaynaqlanan riskli nəticələrə səbəb ola biləcək siyasi və iqtisadi baxımdan hər hansı bir məsələnin həlli istiqamətində Türkiyənin xüsusi xidmətləri olmuşdur. Məhz bu səbəbdən hər iki qütbdə Türkiyənin apardığı siyasət qiymətləndirilir".
Çingiz Şahbazi onu da bildiirb ki, NATO -nun Vilnüs sammitinin həmən ardından Rusiya Təhlükəsizlik Şurasının sədrinin müavini Dmitri Medvedev, sammitdə Ukraynaya silah yardımının artırılması qərarını şərh edərkən "Bu çıxılmaz bir dalandır, üçüncü dünya müharibəsi yaxınlaşır" deməsi, məhz Türkiyənin Rusiyaya qarşı siyasətində nə qədər haqlı olduğunu göstərir:
"Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova da Vilnüs sammitində baş verənlər haqda maraqlı fikirlər irəli şürüb. O, "NATO sammitin yekun bəyannaməsində alyansın Rusiya ilə münaqişə aparmadığı fikirlərini bildirirlər. Doğrudur, NATO Rusiya ilə birbaşa münaqişəyə girmir. Amma münaqişədə iştirak edir" deyə bildirib. Bütün bunlar ölkənin Təhlükəsizlik Şurasının ikinci adamının dediyi kimi üçüncü dünya müharibəsindən xəbər verir və məhz bunun baş verməməsi üçün Türkiyənin Rusiya ilə münasibətləri daha da genişləndirilməlidir".
Anar Əliyev