İyulun 13-də 2023-2024-cü tədris ili üçün müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsinə ibtidai sinif və musiqi fənləri üzrə namizədlər dəvət olunub.
Newscenter.az xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdir müavini Anar Məmmədov 161 nömrəli tam orta məktəbdə imtahan prosesinin gedişatını izləyib.
Qeyd edək ki, 58 000-ə yaxın namizədin iştirak edəcəyi test imtahanları 11-15 iyul tarixlərində ölkənin 13 şəhəri üzrə 29 imtahan mərkəzində keçiriləcək. İmtahanlar üçün paytaxt üzrə 6 mərkəz (Azərbaycan Texniki Universitetinin İdman Kompleksi, 133, 153, 158, 161, 263 nömrəli tam orta məktəblər) ayrılıb.
İmtahanda namizədlərə 150 dəqiqə vaxt verilir.
2023-2024-cü tədris ili üçün müəllimlərin işə qəbulu və yerdəyişməsi müsabiqəsinə BŞTİ tərəfindən 1 721 vakansiya təqdim olunub.
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin təşkilində məqsəd savadlı və bacarıqlı müəllimlərin seçilməsindən ibarətdir. Müəllimlərin işə qəbulu üzrə müsabiqə yüksək bilik və bacarığa malik təhsilverənlərin aşkarlanmasında bərabər, ədalətli imkandır.
R.Mehdiyeva