"Azərbaycan beynəlxalq əlaqələrin inkişafında həmişə maraqlı olub və bunun qarşılıqlı fayda verəcəyinə daim inanıb. 30 illik təcrübə artıq bunların həqiqət olduğunu sübut edir. Odur ki, dünyanın aparıcı ölkələri ilə sıx əməkdaşlığın qurulması, qarşılıqlı münasibətlərin yüksək səviyyəyə çatdırılması ölkəmizin milli maraqlarına xidmət edir".
Newscenter.az xəbər verir ki, bu fikirləri ictimia-siyasi fəal Anar Salehoğlu səsləndirib. O bildirib ki, rəsmi Bakının beynəlxalq münasibətlər sistemində Pekinlə əlaqələri xüsusi önəm kəsb edir:
"Prezident İlham Əliyev Çinin "China Media Group" media korporasiyasına müsahibə verərkən Azərbaycan - Çin münasibətlərinin tarixi, bu tarixi inkişaf yolunun Ulu öndər Heydər Əliyevlə bir başa bağlı olduğunu vurğulayıb. Eyni zamanda ölkəmizin dünya üçün iqtisadi roluna diqqət çəkən dövlət başçısı bu sahədə Çinlə daha sıx əməkdaşlığın qurulmasının prioritet istiqamətlərdən biri kimi müəyyən edildiyini bildirib".
Anar Salehoğlu deyib ki, Azərbaycanın müxtəlif sahələrdə əldə etdiyi beynəlxalq uğurlar ölkəmizin nüfuzunu, regional və beynəlxalq təsir imkanlarını artırır:
"Rusiya - Ukrayna müharibəsinin ağır nəticələrindən əziyyət çəkən qərb ölkələri ümid yerini Azərbaycanda görürlər. Məhz buna görə də enerji təhlükəsizliyi sahəsində bizimlə əməkdaşlıq etməyə can atırlar. Artıq əməkdaşlıq mövcuddur və günü-gündən daha da inkişaf etdirilir, sağlamlaşdırılır.
Prezident Şimal - Cənub və Şərq - Qərb nəqliyyat dəhlizlərinin Azərbaycanda kəsişdiyini bildirərək bu istiqamətdə də Azərbaycan - Çin əlaqələrinin inkişafının mümkünlüyünü dilə gətirib. Zəngəzur Dəhlizinin açılması da düşünürəm ki, bu prosesə töhfə verəcək. Həm tranzit yükdaşımalarında yaranmış müəyyən problemlər aradan qalxacaq həm də bir növ şərqlə - qərbi birləşdirən böyük əhəmiyyətli bir yol işə düşəcək".
Anar Əliyev