"Ermənistan BMT Təhlükəsizlik Şurasına "Azərbaycanın Laçın dəhlizini blokadaya alması və bunun nəticəsində humanitar vəziyyətin pisləşməsi ilə bağlı" müraciəti əsasında keçirilən iclasda ən çox hər kəsi təəcübləndirən Rusiyanın mövqeyi oldu. Hansı ki, daha çox Azərbaycanın mövqeyi ilə üst-üstə düşdü".
Bu fikirləri Newscenter.az-a siyasi ekspert Çingiz Şahbazi səsləndirib. O bildirib ki, Rusiya Qarabağda yaşayan etnik ermənilər üçün 14 bəndlik planın hazırlanması istiqamətində sənəd hazırlayıb:
"Bu arada Qarabağda Rusiyanın sülhməramlı qüvvələri və ermənilər arasında insident yaşanır və sairə hallar baş verməkdədir. Bütün bunların səbəbi Rusiyanın movqeyində Azərbaycana qarşı siyasətinin dəyişməsi kimi anlaşılmamalıdır. Burada Rusiyanın dəstəklədiyi separatçı rejimin rəhbərləri ilə Ermənistan hökuməti arasında baş verən tabeçilik məsələsidir və bu səbəbdən ortaya çıxan çox ciddi fikir ayrılıqları vardır. Rusiyanın atdığı addımların isə məhz Pasinyan hakimiyyətinə qarşı təsir mexanizmi kimi qəbul edilməsi lazımdır. Əslində Ermənistanın BMT Təhlükəsizlik Şurasına Azərbaycanı şikayət etməsi və ondan əvvəlki humanitar yardım şoularının təşkili və sairə bütün bunlar elə Rusiya və Fransanın planlarının bir hissəsi idi. Bu vəziyyətin nə Ermənistana, nə də Azərbaycana heç bir halda faydası yoxdur. Çünki, bu kimi addımlar danışıqlar prosesinə ciddi şəkildə təsirini göstərəcəkdir və bundan yalnız Rusiya öz istəklərinə uyğun olaraq faydalana bilər. Qısacası, Rusiyanın bu arada Azərbaycanın maraqlarına uyğun bəzi hərəkətləri Ermənistan siyasi hakimiyyətinə, qurduğu və himayə etdiyi separatçı rejimə tam dəstək verməsini təmin etmək üçün atdığı addımlar hesab etmək olar".
Ekspert qeyd edib ki, əslində Rusiyanın Cənubi Qafqazda oynadığı siyasi baxımdan rol hələlik həlledici hesab oluna bilər:
"Amma, bütün bunlara baxmayaraq, Qərb dairələri münaqişənin davam etməsinə imkan verməyəcək və bunun üçün danışıqlar prosesi davam edəcəkdir. Göründüyü kimi BMT Təhlükəsizlik Şurasının iclası Azərbaycana qarşı heç bir qətnamə qəbul etmədi və heç bir sənəd belə imzalanmadı. Bu onu göstərir ki, ABŞ və Avropa İttifaqı Bakını heç bir halda günahkar etmək fikirində deyil və müəyyən tövsiyələr, təkliflər verməklə bu məsələ başa çatdı. Bundan başqa Qərbin siyasi dairələrində danışıqlar prosesinə təsir edə biləcək bütün addımlar gözdən keçirilir və əldə olunan razılaşmalar və hələ kövrək əlaqələrin zədələnməməsi üçün ortaq məxrəcə gəlmək tövsiyə olunur. Burda baş verən hadisələr və əldə olunan nəticələrin sıfir nöqtəsinə düşməsi də ABŞ və Avropa İttifaqının öz maraqları çərçivəsinə uymadığı bilinməkdədir.
Anar Əliyev