Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Lavrovun təklif etdiyi sülh sənədi: 14 maddəlik sazişin izahı

Lavrovun təklif etdiyi sülh sənədi: 14 maddəlik sazişin izahı


Ermənistan mediasında diqqətçəkən bir sənədi dərc edilib. Belə ki, sənəd Rusiyanın Qarabağla bağlı təklifləri kimi təqdim edilib.

14 maddədən ibarət olan sənəd “Azərbaycan SSR-nin keçmiş Dağlıq Qarabağ Vilayəti ərazisində erməni əhalisinin təhlükəsizliyinin və hüquqlarının Azərbaycan Respublikasının qanunvericliyinə uyğun olaraq təmin edilməsinin əsas prinsipləri və parametrləri” adlanır.

Sənədlə bağlı ən diqqətçəkən məqam Rusiya xarici işlər naziri Sergey Lavrov tərəfindən hazırlanmasıdır.
Sənəddə əksini tapan 14 maddə cəlbedici görünsə də Azərbaycanın xeyrinə deyil. Hətta deyərdim, perspektivdə Azərbaycanı 1990-cı illərin siyasi xaos vəziyyətinə qaytara bilər.

1. Qanun qarşısında bərabərlik prinsipinin qorunması, etnik, linqvistik və ya dini və digər əlamətlərə görə ayrı-seçkiliyin istisna edilməsi – Prinsip etibarilə bu maddədə qeyri-adi heçnə yoxdur. Azərbaycanda yaşayan etnik azlıqlar onsuz da dil, din ayrı-seçkiliyinə məruz qalmır. Əksinə bütün bu və digər azadlıqları Azərbaycan konstitusiyası ilə qorunur. Yəni bu maddəni məqbul saymaq olar

2. Erməni əhalisinin kompakt yaşadığı ərazilərdən məcburi/könüllü köçürülməsinin qarşısının alınması - bu maddənin müzakirəyə və düzəlişə ehtiyacı var. Xüsusilə də “könüllü köçürülmə” hissəsi obyektiv deyil.
Azərbaycanın onsuz da erməni əhalisinin kompakt yaşadığı ərazilərdən məcburi köçürmək kimi niyyəti yoxdur. Lakin onların könüllü köçürülməsi gerçəkləşə bilər.

Belə ki, 30 ildən artıqdır öz torpaqlarından didərgin düşmüş Azərbaycan vətəndaşları var. Bu şəxslərin qanuni evlərində hazırda qanunsuz şəkildə erməni əhali məskunlaşıb. Məcburi köçkünlərin öz evlərinə qayıtması fonunda ermənilər başqa ərazilərə köçürülməsi istisna deyil.

3. Məhkəmə qərarı ilə hərbi cinayətlərdə təqsirli bilinən şəxslər istisna olmaqla, yerli hakimiyyət orqanlarında və silahlı birləşmələrdə iştirak etmək adı ilə erməni əhalisinin təqib edilməsinin, cəzalandırılmasının və hüquqlarının hər-hansı məhdudlaşdırılmasının qanunla qadağan edilməsi – bu maddə də hardasa məqbul sayıla bilər. Prinsip etibarilə Prezident İlham Əliyev separatçılara silahı könüllü surətdə yerə qoyacağı təqdirdə amnistiyadan yararlana biləcəklərini açıqlayıb.

Bununla belə rəsmi Bakının əlində 500 nəfərlik siyahı var ki, bu şəxslərə heç bir amnistiyanın tədbiqi mümkün deyil. Vaqif. Xaçaturyan, Rəşid Beqlaryanın həbsi buna misal ola bilər.

4. Azərbaycan Respublikasının qanunvericilik, məhkəmə və icra hakimiyyəti orqanlarının, o cümlədən, polis və prokurorluq orqanlarının respublika, rayon və şəhər strukturlarında erməni əhalisinin proporsional şəkildə təmin olunması – hesab edirəm, bu maddənin də bütövlükdə qəbulu mümkün deyil. Ermənilər Azərbaycan cəmiyyətinə inteqrasiya olsa belə qarşılıqlı etimad, güvənin birdən-birə yaranması mümkün deyil. Belə olan təqdirdə polis və prokurorluq orqanlarının respublika, rayon və şəhər strukturlarında erməni əhalisinin təmsili real deyil. Ən yaxşı halda bu Xankəndi və ermənilərin kompakt yaşadığı qəsəbə rayonlara şamil edilə bilər.

5. Erməni əhalisi ilə bağlı milli, regional və yerli səviyyədə qərarların işlənib hazırlanmasında və qəbulunda iştirak – Qarşılıqlı etimad və güvən yaranacağı təqdirdə bu maddəni də məqbul sayıla bilər.

6. Dövlət qurumlarında, o cümlədən, rəsmi yazışmalarda və işgüzar işlərdə, eləcə də ermənilərin çoxluq təşkil etdiyi yaşayış məntəqələrinin ictimai yerlərində Azərbaycan dili ilə yanaşı, erməni dilindən də sərbəst şəkildə istifadə edilməsi, erməni dilində yol nişanlarının və elanların quraşdırılması- Bu madənin də qəbulu heç bir halda mümkün deyil. Rəsmi yazışmalarda və işgüzar işlərdə, eləcə də ermənilərin çoxluq təşkil etdiyi yaşayış məntəqələrinin ictimai yerlərində Azərbaycan dili ilə yanaşı, erməni dilindən də sərbəst şəkildə istifadə edilməsi açıq şəkildə bu dilin Azərbaycan türkcəsi ilə paralel ikinci dövlət dili kimi tanınması deməkdir. Bu imtiyazın ermənilərə verməsi Azərbaycanda yaşayan digər etik azlıqlar arasında narazılıq yarada, onları küsdürə bilər.

7. Erməni əhalisinin şəxsi mülkiyyətinin, daşınmaz əmlak və torpaq sahələrinin toxunulmazlığı - 2-ci maddə olduğu kimi 7-ci maddə də müzakirəyə və dəyişikliyə ehtiyac var. Erməni əhalisinin şəxsi mülkiyyətinin, daşınmaz əmlak və torpaq sahələrin bir çoxu onlara qanunsuz şəkildə verilib və bir çoxunun sahibi azərbaycanlılardır. Torpaqların əsl sahiblərinin qayıtması fonunda qanunsuz şəkildə torpaq və daşınmaz əmlak sahibi olan ermənilərin zərərləri kompensasiya edilə bilər.

8. İctimai təşkilatların yaradılması və sərbəst fəaliyyətinin təmin edilməsi – erməni milliyətçiliyi, anarxist və radikal solcu, radikal dini-motivli, separatçı ideologiyalı ictimai təşkilatlar xaricində erməni əsilli şəxslərin bu fəaliyyəti məqbul sayıla bilər.

9. Erməni əhalisinin öz dini etiqadlarını sərbəst şəkildə həyata keçirməsi, dini idarə və təşkilatların fəaliyyəti üçün zəruri şəraitin təmin edilməsi, onların əmlakının toxunulmazlığı - bu maddənin də birmənalı qəbulu yolverilməzdir. Azərbaycanda heç bir etnik azlığın dini azadlığına qarışılmır. Ölkə vətəndaşları inancından asılı olmayaraq öz dini etiqadını sərbəst yaşayıb ibadətlərini sərbəst şəkildə icra edə bilir. Lakin əmlakın toxunulmazlığı məsələsi mübahisəlidir.

Ermənilər bir çox alban kilisə, monastır və içərisindəki əmlakı qəsb edib. Bu əmlakın onların əsl sahibi olan alban udi icmasına təhvili vacibdir. Gələcəkdə birlik-bərabərlik naminə iki icma arasında vahid dini ayinlər keçirilə bilər, dini məkanlar ortaq istifadə edilə bilər.

10. Erməni mədəniyyətinin, milli kimliyinin, tarixi-mədəni irsinin qorunub saxlanılması, erməni dilində KİV-in inkişafı – bu maddə də heç bir halda qəbul edilə bilməz. Belə ki, hər şeydən öncə bu dövlət dilinin qorunması və inkişafı haqqında qanuna ziddir. Həmin qanuna görə, Azərbaycan Respublikasında dövlət dilinə qarşı gizli, yaxud açıq təbliğat aparmaq, bu dilin işlənməsinə müqavimət göstərmək, onun tarixən müəyyənləşmiş hüquqlarını məhdudlaşdırmağa cəhd etmək qadağandır.
Azərbaycan Respublikasının ərazisindəki bütün media subyektləri (mətbuat, televiziya, radio və s.), kitab nəşri və digər nəşriyyat işi ilə məşğul olan qurumlar Azərbaycan dilinin normalarına riayət olunmasını təmin etməlidirlər.

11. Dövlət və özəl təhsil müəssisələrində erməni dilində məktəbəqədər, ibtidai, orta və ali təhsil almaq - prinsip etibarilə Azərbaycanda gürcü, rus, türk, fransız, ingilis dillərində təhsil mümkündür. Bu mənada başda Xankəndi Dövlət Universiteti olmaqla ermənilərə məxsus özəl təhsil müəssisələri saxlanıla bilər. Lakin bu təhsil müəssisələrində Azərbaycan dilinin tədrisi də məcburi olmalıdır.

12. Ermənistan və Azərbaycanın ayrıca sazişi ilə Qarabağ ərazisində yaşayan erməni əhalisinin Ermənistanla təhsil, mədəni, elm, media, idman və digər humanitar əlaqələrin təmin edilməsi- Bu maddədə qeyd edilən məsələlər Ermənistan və Azərbaycanın ayrıca sazişi kimi razılaşdırılsa məqbul saymaq olar. Dünya praktikasında bunun örnəkləri var.

13. Erməni əhalisinin digər dövlətlərin ərazisində qanuni olaraq yerləşən şəxslərlə, xüsusən də ortaq etnik, mədəni, dil və dini mənsubiyyəti və ya ümumi mədəni mənsubiyyətini bölüşdükləri şəxslərlə sərhədi keçərək, azad və dinc münasibətlərin qurulması və saxlanılması – Azərbaycan qanunvericiliyinə görə vətəndaşların ölkə xaricinə getməsi, gediş-dönüş qaydaları ölkə xaricindəki fəaliyyətləri qanunla tənzimlənib. Bu qaydalar ermənilərə də aid olmalıdır. Qanunvericilik xaricində ermənilərin tələbi məqbul sayıla bilməz. Və bu maddə də öz növbəsində muxtariyyət ünsürlərini özündə ehtiva edir.

14. Erməni əhalisi üçün kənardan iqtisadi və humanitar yardımların maneəsiz alınması - bu maddənin qəbulu mümkün deyil. Azərbaycan ərazisindəki bütün etniklər kimi ermənilər də yalnız Azərbaycan mərkəzi hakimiyyətindən yardım ala. təminatı qarşılana bilər. Kənardan iqtisadi və humanitar yardımın sərbəst alınması Muxtariyyət imtiyazıdır. Bunun qəbulu yolverilməzdir.

Nəticə etibarı ilə 14 maddədən ibarət olan sənəd çiy, əskik və qərəzlidir. Bir çox maddənin düzəlişinə ehtiyac olduğu kimi daha çox ermənilərin maraqlarına hesablanıb. Sənəd bütövlükdə prosesləri 1988-ci il vəziyyətinə qaytarmağı hədəfləyir.

Turan Rzayev-politoloq
Xəbəri paylaş