İkinci Qarabağ müharibəsi Azərbaycan Ordusunun tarixi Zəfəri ilə başa çatdı. İşğaldan azad edilmiş ərazilərdə quruculuq işləri başladı. Quruculuq işləri infrastrukturları da əhatə edir. Yolları da, kəndləri də, şəhərləri də. Bu baxımdan quruculuq işləri hərtərəfli aparılır.
2023-cü il sentyabrın 23-də Zəngilanda “Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi” mövzusunda 2-ci Milli Şəhərsalma Forumu da bu istiqamətdə görülən işlərin stimullaşdırılmasını əhatə edirdi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin forumda iştirakı, çıxışı da tədbirin hansı səviyyədə əhəmiyyətli olduğunun göstəricisidir. Bu forumda 53 ölkədən 200-ə yaxın xarici qonağın iştirakı da onun gərəkliyinin təsdiqidir.
Şərqi Zəngəzur iqtisadi rayon olma etibarilə indi başlanğıcdan qurulur.
Ölkə başçısı çıxışında vaxtilə işğal olunmuş ərazilərdən köçkün düşənləri keçmiş köçkünlər adlandırdı. Bu ifadə vətəndaşa sevginin ifadəsidir. Azərbaycan xalqının öz köklərinə dərindən bağlı olduğunu qeyd edən cənab Prezident bildirdi ki, quruculuq işlərində müasir texnologiyalar tətbiq edilməlidir.
“Zəngilan mühüm nəqliyyat qovşağıdır. Zəngilan nəqliyyat dəhlizləri üzərində yerləşir və ona görə Zəngilan Beynəlxalq Hava Limanının inşası da bu bölgənin inkişafı baxımından mühüm faktor olmuşdu”, - deyən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bölgənin yol infrastrukturunun şaxələndiyini xatırladaraq qeyd edib ki, Sovet dövründə mövcud olan dəmir yolu xətti bərpa edilib. İşğal dövründə həmin dəmir yolları Ermənistan qüvvələri tərəfindən sökülüb. Bu gün Horadizdən Zəngilana çəkilən dəmir yolunun inşası fəal fazadadır və tezliklə bu nəqliyyat dəhlizinin bu mühüm hissəsi hazır olacaq. Bu, Azərbaycanın əsas ərazisini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək layihədir. Oradan isə həmin dəmir yolu İran və Türkiyəyə keçəcək və nəhayət Avropaya çatacaq.
İşğaldan azad edilmiş ərazilərdə quruculuq işləri Azərbaycan ictimaiyyətini Zəfər ovqatı ilə qoşa yaşadır. Hamı inanır ki, bu proses də Zəfərlə tamamlanacaqdır. Azərbaycan vətəndaşları ölkə başçısının dediyi “İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra bu günədək bərpa işlərinə Azərbaycan büdcəsindən 7 milyard ABŞ dolları həcmində vəsait sərf edilib. Növbəti il üçün planlaşdırılan minimum büdcə 2,4 milyard ABŞ dolları olacaqdır. Biz heç bir maliyyə dəstəyi, heç bir maliyyə yardımı almırıq. Burada istisna iki qardaş ölkədir – Özbəkistan və Qazaxıstan prezidentləri çox səxavətli şəkildə bizə biri məktəb, biri isə incəsənət mərkəzini hədiyyə edib” fikirlərini Azərbaycana ehtiram, siyasi etibar, sevgi kimi qarşılayıb.
Zəngilanda keçirilən “Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi” mövzusunda 2-ci Milli Şəhərsalma Forumu işğaldan azad edilmiş ərazilərdə quruculuq işlərinin yüksək sürətlə başa çatacağına istiqamətlənmiş tədbirdir. Bu və bu kimi tədbirlər həm də böyük vətənpərvərlik niyyəti ilə tarixləşir. Forumda cənab Prezidentimizin dediyi “Bakıdan, Sumqayıtdan, Gəncədən, Mingəçevirdən, digər şəhərlərdən kəndlərə axın baş verir. Bu gün artıq öz doğma yurdlarına qayıtmaq istəyən insanlardan ibarət növbə yaranıb. Onlar Bakıdan, ölkəmizin ikinci böyük şəhəri Sumqayıtdan, Gəncədən və digər bölgələrimizdən qayıtmaq istəyirlər. Onlar şəhərlərdən kəndlərə qayıtmaq istəyirlər” kəlamları həm forumla bağlı informasiyadır, həm də Vətən sevgisinin bir çalarına işıqdır...
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu və ya digər forumda, toplantıda eyni mahiyyəti müəyyənləşdirən mahiyyətlərdən da danışır, onları müxtəsər də olsa şərh edir, onların assosiasiyasının konturlarını göstərir. Zəngilanda təşkil edilən forumda da erməniliyin mahiyyətini fəlsəfi düşüncə ilə ifadə edərək dedi: “Ermənistan uzun illər ərzində kriminal hərbi cinayətkarlar tərəfindən idarə olunurdu. İki prezident özləri Xocalı soyqırımında iştirak edənlər idi. Onlar buna görə cavab verməlidirlər, məsuliyyət daşımalıdırlar. Onlar Azərbaycan torpaqlarını talayanlar idi. İyirmi il ərzində onlar əllərindən gələni edirdilər ki, bizim işğal olunmuş torpaqlarımızda bu taktikanı işlətsinlər, həmin taktikanı Ermənistanda da tətbiq etməyə başladılar”.
Zəngilanda “Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi” mövzusunda 2-ci Milli Şəhərsalma Forumu Azərbaycanda quruculuq işlərinin sürətlənməsinə, keyfiyyətinə, dünya standartları ilə tamamlanmasına həsr olunsa da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bəşəri bir fikrinin ifadəsi olan niyyətlə başa çatdı: “Azərbaycan konstruktiv yanaşmanı sərgiləyir. Regionda sülh bərqərar olunmalı və konstruktiv əməkdaşlıq aparılmalıdır”.
Səbinə XASAYEVA,
Milli Məclisin deputatı