Rəsmi Paris açıq-aşkar Ermənistanı yeni müharibəyə sürükləyir. Fransanın Ermənistanı ciddi şəkildə silahlandlrması fonunda bunu aydın görmək mümkündür. Elə bu səbəbdəndir ki, Azərbaycan prezidenti bu gün Fransanın iştirakı ilə keçirilməsi nəzərdə tutulan Qranada görüşündən imtina etdi.
Newscenter-az-ın xəbərinə görə, AMİP Siyasi Şurasının üzvü, partiya liderinin köməkçisi Əli Oruclu deyib ki, Fransa açıq şəkildə Ermənistanı dəstəkləyir və son dövrlər Azərbaycana qarşı hətta diplomatik və dövlətlərarası hamılıqla qəbul olunmuş prinsiplərlə bir araya sığmayan mövqe sərgiləməkdədir:
"Ermənistanı sılahlandırmağı vacib vəzifə sayan Paris neytral ölkə sifətində vasitəçi qismində iştirakı qeyri-mümkündür"
AMİP funksioneri Türkiyəni Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması prosesindən kənarda tutmaq cəhdlərinə də diqqət çəkib və bildirib ki, qardaş ölkəni Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırma və regiondakı proseslərdən kənarda tutmaq qeyri-mümkündür:
"Əvvəla ona görə ki, Türkiyə Azərbaycanın təbii və yeganə daimi müttəfiqidir. İkincisi, Türkiyə regional gücdür və bu regionda onun maraqlarını nəzərə almadan nəyəsə nail olmaq sadəlövhlükdür"
Əli Oruclu bildirib ki, Qarabağ iqtisadi zonasında son dövrlər cərəyan edən hadisələr Almaniyanı və Avropa İttifaqının da heç də tərəfsiz olmadığını ortaya qoydu:
"Qərəzli və İrəvanı dəstəkləyən, reallıqlardan isə uzaq olan bəyanatlar verdilər. Azərbaycan haqsız olaraq sanksiyalarla hədələndi. Aİ prezidenti Şarl Mişel bir az qabağa gedərək ermənilərə rusların xəyanət etdiyini və Bakı ilə münasibətlərə yenidən baxmaq barədə qəbul olunmayan fikirlər səsləndirdi. Bütün bunları analizdən keçirərkən aydın olur ki Fransa-Almaniya-Aİ-Azərbaycan-Ermənistan formatı uğurlu format deyil və bu formatda təmaslar nə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılmasına, nə də ümumilikdə regionda gərginliyin azaldılmasına heç bir tövhə verə bilməz. Əksinə, Ermənistanı yenidən ruhlandırmağa rəvac verə bilər. Göründüyü kimi format 3+2 deyil, 4+1 olaraq Azərbaycanın təklənməsi anlamdır. Hesab edirəm ki, gələcəkdə bütün formatlarda da Türkiyə yoxdursa və yaxud Fransa varsa, orda Azərbaycanın iştirakı məqbul sayılmamalıdır".
Anar Əliyev