"Azərbaycanın qonşu ölkələrlə bağlı siyasətində Gürcüstanla münasibətlər xüsusi əhəmiyyət kəsb edir. Belə ki, Azərbaycan öz enerji resurslarının Avropa bazarlarına çatdırılmasında, eyni zamanda, Şərqdən Qərbə gedən yüklərin daşınmasında Gürcüstan mühüm tranzit rol oynayır. Azərbaycanla Gürcüstanı təkcə iqtisadi amillər deyil, həm də tarixi köklər birləşdirir. Azərbaycan-Gürcüstan dostluğunun çox qədim tarixi var və bu iki ölkə təkcə qonşu və dost deyil, həm də mühüm strateji tərəfdaşdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Gürcüstana son səsfəri də ölkələrimiz arasında yüksək səviyyədə olan əlaqələrin daha da inkişafına və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsinə töhfə vermək məqsədi daşıyırdı".
Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Yusif Bağırzadə səsləndirib. O bildirib ki, bu səfər Prezident İlham Əliyevin Gürcüstana sayca 10-cu səfəridir:
"Bundan əvvəlki səfər ötən il oktyabrın 24-də baş tutmuşdu. Bütün bunlar sübut edir ki, ölkələrimizi mehriban qonşuluq və tarixi dostluq əlaqələri, siyasi, iqtisadi, humanitar və digər sahələrdə strateji tərəfdaşlıq əlaqələri birləşdirir. 1996-cı il martın 8-də imzalanan “Azərbaycan Respublikası ilə Gürcüstan arasında dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizliyin möhkəmləndirilməsi haqqında Müqavilə” ölkələrimiz arasında strateji tərəfdaşlığın təməlini qoyan sənəddir".
Politoloq deyib ki, qarşılıqlı hörmət və etimad üzərində qurulmuş Azərbaycan-Gürcüstan əlaqələri ötən illər ərzində dinamik şəkildə inkişaf edib və ölkələrimiz arasında siyasi, iqtisadi, enerji, humanitar və digər sahələrdə səmərəli əməkdaşlıq formalaşıb:
"Hazırda da iki ölkənin enerji, nəqliyyat və digər istiqamətlərdə çoxlu planları var. Prezident İlham Əliyevin “Biz - hər iki lider xalqlar arasında dostluğumuzu və tərəfdaşlığımızı möhkəmləndirmək üçün hər şeyi etmişik və edirik. Bu görüşlər çox tez-tez və ənənəvi xarakter daşıyır, ölkələrimizin bir-birinə daha da yaxınlaşmasına, dostluğun möhkəmlənməsinə xidmət edir” bəyanatı da iki ölkə arasında olan münasibtlərin yüksələn xətt üzrə inkişaf etməsindən xəbər verir".
Yusif Bağırzadə hesab edir ki, son səfər indiyə qədər olan münasibətlərin inkişafı, yeni layihələr haqqında razılşamalardan başqa həm də hər iki ölkənin Cənubi Qafqazda sülhün bərqərar olmasının vacibliyi ilə bağlı verdiyi mesajlarla da yadda qaldı:
"Prezidenti İlham Əliyevin “Gürcüstanın Ermənistan-Azərbaycan məsələsində iştirakı zəruridir. Əsrlər boyu xalqlarımız çox mehriban qonşular olub, ətraf mühit çox mehribandır. Bu, Cənubi Qafqaz regionu üçün vacibdir. Ermənistan razılığını bildirsə, biz dərhal Gürcüstanda ikitərəfli və üçtərəfli görüşlərə başlayacağıq” bəyanatı faktiki olaraq Ermənistan üçün bir dəvət idi və Cənubi Qafqazın problemləri Cənubi Qafqazda həll olunmalıdır mesajı idi. Həqiqətən də Azərbaycan olaraq biz beynəlxalq təşkilatların normallaşma prosesində vasitəçi rolunu hər nə qədər qəbul etsək də istər tarixi aspektlərdən, istərsə də coğrafi baxımdan vasitəçi qismində məhz Gürcüstanın iştirak etməsi ən düzgün seçimdir".
Anar Əliyev