"Cənab Prezident İlham Əliyevin Gürcüstan səfəri ikitərəfli əlaqələr və regional proseslər fonunda xüsusi əhəmiyyətə malikdir".
Newscenter.az xəbər verir ki, bu fikirləri AVP sədrinin beynəlxalq məsələlər üzrə köməkçisi Pərviz Mirizadə səsləndirib. O bildirib ki, Azərbaycan-Gürcüstan münasibətləri qədim tarixi əsaslara dayanır və ölkələrimizin dil, tarix, ortaq mədəniyyət bağları mövcuddur:
"44 günlük Vətən Müharibəsi zamanı rəsmi Tbilisin ərazisindən Ermənistana hərbi yüklərin çatdırılmasına icazə verməməsi ölkəmizə göstərilən qardaşlıq münasibətlərinin nümunəsidir və bu xoş niyyət hər zaman rəsmi Bakı tərəfindən yüksək qiymətləndirilir. Eyniylə 2008-ci ilə Rusiyanın Gürcüstana yönəlik hərbi təcavüzü, işğalı zamanı Azərbaycanın da onlara göstərdiyi siyasi və humanitar dəstək gürcü dövləti və xalqı tərəfindən hər zaman yüksək qiymətləndirilmişdir. SSRİ-nin dağılmasından sonra Ermənistandan fərqli olaraq Azərbaycan və Gürcüstanın bir-birinə dəstəyi regiondakı münaqişələrin həlli, regional təhlükəsizliklə bağlı məsələlərə birgə həll yolları tapmaq məqsədindən irəli gəlir. Azərbaycan erməni separatizmi və Qarabağ problemini birdəfəlik həll etməklə Rusiyanın iki əsirlik tarixə söykənən münaqişə irsini təmizlədi. Ölkə rəhbəri də çıxışında bu mövzu ətrafında öz fikirlərini həmkarına və media nümayəndələrinə çatdırdı. Bu region üçün mühüm bir faktordur və Gürcüstan da uzun illərdir eyni problemdən əziyyət çəkir. Ümid edirəm ki, Azərbaycanın əldə etdiyi tarixi qələbə qonşu dövlətə stimul verəcək və onlar da bütün ərazilərində suverenliyi tam şəkildə təmin edəcəklər".
AVP rəsmisi deyib ki, nəqliyyat-kommunikasiya və enerji siyasəti rəsmi Bakı və Tbilis ələqələrinin əsas istiqamətini təşkil edir:
"Əsas enerji layihələri arasında Bakı-Tbilisi-Ceyhan neft boru kəməri, Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu xətti, Trans-Eurasia informasiya Optik kabel kəməri və TANAP kimi regionun inkişafını şəkilləndirən layihələr önə çıxır".
Anar Əliyev