"İsrail-Fələstin münaqişəsi uzun müddətdir davam edən bir sıra siyasi, ərazi və dini zəmində yaranmış mübahisələri əhatə edən gərgin prosesdir. Münaqişənin 20-ci ərsin əvvəllərinə dayanan tarixi keçmişi var və tərəflər arasında müharibələrə, müxtəlif zorakılıq hadisələrinə səbəb olub".
Newscenter.az xəbər verir ki, bu fikirləri AVP sədrinin beynəlxalq məsələlər üzrə köməkçisi Pərviz Mirizadə son günlər Yaxın Şərqdə baş verənləri şərh edərkən səsləndirib. O bildirib ki, 1948-ci ildə İsrail dövlətinin qurulması yəhudilərlə ərəb dünyası arasında açıq qarşıdurmayla nəticələndi və ardınca genişmiqyaslı Ərəb-İsrail müharibələri yaşandı:
"Proseslərin gedişatında 1987-ci ildə Qəzzada və İordan çayının qərb sahilində İsrailə qarşı partizan hücumları təşkil etmək məqsədilə günümüz reallığında Fələstin qanadında ən aktiv oyunçu olan HƏMAS təşkilatı quruldu. Təl-Əviv və bir sıra dövlətlər HƏMAS-ı terror qruplaşması kimi tanısa da, qruplaşmaya münasibət iki xəttlidir. Mövcud qanlı toqquşmalarda hər iki tərəf öz təhlükəsizlik maraqlarını qorumağa çalışır. İndiki halda məsələlərə təkcə İsrail-Fələstin aspektindən baxmaq kifayət etməz. Bilindiyi kimi son yaşananlarla birlikdə prosesə Hizbullah və Əsəd rejimi də hərbi cəhətdən müdaxilə etmək istəyindədir. Bu isə bir neçə istiqamətli münaqişəyə səbəb ola bilər. HƏMAS və Hizbullah kimi qruplaşmalar proksi qüvvələrdir və onları hərtərəfli dəstəkləyən güc İrandır. Bu bilinən faktdır. Lakin hesab edirəm ki, mövcud vəziyyətdə kifayət qədər ziddiyətli məqamlarda mövcuddur. Xüsusilə ABŞ kontekstindən yanaşarsaq Vaşinqtonun İsrailə yardım adı altında Şərqi Aralıq dənizinə hərbi donanmasına bağlı döyüş qrupun göndərməsi sonuncunun bölgədə hərbi varlığını və YPG, PYD, PKK kimi terror qruplaşmalarına dəstəyini artırmaq istəyindən irəli gəlir".
AVP rəsmisi deyib ki, İsrailin hərbi gücü və texnologiyasını nəzərə alarsaq ona qarşı döyüşənlərin hər hansı bir ciddi nəticə əldə edəcəyi real görsənmir:
"Lakin görünür ki, HƏMAS-da öz peşəkarlığını önəmli ölçüdə artırmağı bacarıb və koordinasiyalı döyüş tapşırıqları icra edə bilir. Hadisələrin sonu haqda fikir bildirmək hələlik tez olsa da, artıq regionda mövcud vəziyyətdə ciddi dəyişikliklərin olacağı dəqiqdir. Hazırda bir çox dövlətlər münaqişəni sonlandırmaq, tərəflər arasında dialoqu bərpa etmək barəsində çağrışlar edir. Bununla belə, situasiya hələ də həlli çətin, mürəkkəb problem olaraq qalır".
Anar Əliyev