Oktyabrın 7-də səhər saatlarında Fələstinin İslami Müqavimət Hərakatı (HƏMAS) İsrailə hücuma keçib və İsrail hökuməti bu hücumların qarşısını almaq məqsədilə böyük həcmdə əks hücum həyata keçirir. Verilən məlumatlara görə hər iki tərəfin minlərlə insan itkisi var və minlərlə insan aparılan hərbi əməliyyatlar zamanı yaralanıb, insanların böyük qismi evsiz-eşiksiz qalıb. Hərbi əməliyyatlar davam edir və insanlar qorxu və panika içındə çarəsiz vəziyyətə düşüb. Artıq on minlərlə insan öz ölkəsini tərk etmək məcburiyyətindədir.
Newscenter.az-ın xəbərinə görə, baş verənlərə diqqət çəkən siyasi ekspert Çingiz Şahbazi deyib ki, müharibənin nəticələri barədə fikir bildirmək çox çətindir:
“Amma, baş verənlər onu göstərir ki, müharibənin davam etməsi üçün maraqlı qüvvələr var və hərbi əməliyyatların başqa ərazilərə keçməməsi üçün tədbirlər alınmasa və tərəflər arasında atəşkəs rejiminə keçilməsə vəziyyətin daha da ağırlaşması, hətta daha geniş alanı bürüməsi ehtimalları var. Görünən isə odur ki, hər iki tərəf vuruşmaq üçün israrlıdır və münasibətlərin normallaşması üzərində heç bir addım atmaq niyyətləri yoxdur. Bu səbəbdən hər şey ola bilər, hər iki tərəfə hərbi dəstək verə bilənlər ola bilməsi mümkündür”.
Anar Əliyev