"Azərbaycan Prezidenti İlham Əliyevin Şuşa şəhərində keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin Nazirlər Şurasının 27-ci iclasının iştirakçılarına ünvanladığı müraciət Azərbaycan həqiqətlərinin dünya diplomatiyasını və eləcə də iqtisadi siyasətini formalaşdıran şəxslərin diqqətinə çatdırmaq baxımından olduqca əhəmiyyətlidir. Mədəniyyət paytaxtımızda keçirilən iclasın iştirakçılarını səmimi-qəlbdən salamlayan dövlətimizin başçısı sözügedən müraciətində Azərbaycanın İqtisadi Əməkdaşlıq Təşkilatının fəal üzvü olmasından və təşkilata üzv olan dövlətlərlə münasibətlərinə xüsusi əhəmiyyət verməsindən tutmuş, hazırda Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması, sülh müqaviləsinin imzalanması və Cənubi Qafqaz bölgəsinin sülh və əməkdaşlıq məkanına çevrilməsi üçün tarixi şəraitin yaranmasına qədər bir çox aktual məsələlərə toxunub".
Newscenter.az-ın xəbərinə görə, bu fikirləri səsləndirən Azərbaycan Həmrəylik Komitəsinin sədri Əlisahib Hüseynov deyib ki, Azərbaycanın təşkilat çərçivəsində əməkdaşlığın bütün sahələrdə genişlənməsinin tərəfdarı olduğunu bildirən dövlətimizin başçısı həmçinin bir neçə gün öncə Şuşa şəhərinin 2026-cı il üçün İƏT-in turizm paytaxtı elan edilməsinə görə iclas iştirakçılarına təşəkkürünü bildirib:
"Prezident onların olduqca əlamətdar və tarixi dövrdə Azərbaycana gəldiklərini qeyd edib. Çünki xalqımız bugünlərdə Azərbaycanın suverenliyini, konstitusiya quruluşunu bərpa etməsinin sevincini, qürurunu yaşayır. Otuz ildən sonra ərazilərimizdə mövcud olan “boz” zonanın aradan qaldırılması, separatizmə son qoyulması həqiqətən də beynəlxalq hüququn və ədalətin təntənəsidir".
Komitə sədri deyib ki, işğaldan azad edilmiş ərazilərə “Böyük Qayıdış” proqramı milli prioritetlərimiz sırasında olduğunu qeyd edən Cənab Prezident uğurla icra edilən proqram çərçivəsində bu günə qədər Laçın, Füzuli şəhərlərinə, Ağalı, Zabux və Talış kəndlərinə köçkünlərin qayıtmasının təmin olunduğunu iclas iştirakçılarının diqqətinə çatdırıb:
"O da vurğulanıb ki, növbəti 3 ildə 100 minə qədər köçkünün doğma yurd-yuvalarına dönməsi planlaşdırılır. Bütövlükdə isə hazırda işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən layihələr Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının dirçəlməsinə, əhalinin dayanıqlı məskunlaşmasına xidmət etməklə, habelə həmin ərazilərin yüksək inkişaf etmiş regiona çevrilməsi üçün əlverişli şərait yaradır.
Dövlət başçımız həmin layihələr çərçivəsində Füzuli şəhərində artıq inşası başa çatmış məktəb və tikilməkdə olan yaradıcılıq mərkəzini də qeyd edib. Bu layihələrin icrasına verdikləri real dəstəyə görə qardaş Özbəkistana və Qazaxıstana təşəkkür edən dövlətimizin başçısı bunu ölkələrimiz arasında qardaşlığın, həmrəyliyin və dostluğun növbəti bariz təzahürü kimi qiymətləndirib. Bu, həm Türk Dövlətləri Təşkilatının, həm də İƏT üzvlərinin Azərbaycana dəstəyi hesab olunur".
Əlisahib Hüseynov daha sonra bunları qeyd edib:
"Prezident İlham Əliyev Azərbaycanın İƏT-də sədrlik mövzusunun “Yaşıl keçid və qarşılıqlı bağlantılar” kimi müəyyən edilməsi məsələsinə də münasibət bildirib. O, qeyd edib ki, bu məsələ hazırkı dövrdə hamımız üçün xüsusi aktuallıq kəsb edir. Azərbaycan da bu məsələləri xüsusilə diqqət mərkəzində saxlayır. Dekarbonlaşma, “yaşıl enerji” növlərinin artırılması kimi məsələlər ölkəmizin dayanıqlı inkişaf gündəliyinin əsasını təşkil edir. Eyni zamanda “yaşıl enerji” zonası elan edilmiş Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı yenidənqurma və bərpa işləri “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyasına uyğun olaraq həyata keçirilir.
Şuşada baş tutan iclasın ölkələrimizin davamlı inkişafı və rifahı naminə yeni əməkdaşlıq imkanları ətrafında faydalı fikir mübadiləsi aparmaq və səyləri əlaqələndirmək üçün əhəmiyyətli platforma olacağına əminliyini bildirən dövlət başçımız, qarşılıqlı faydalı tərəfdaşlığın yeni məzmunla zənginləşməsinə töhfə verəcəyini vurğulayıb və iclasın işinə uğurlar diləyib. Bu cür önəmli tədbirlərin mədəniyyət paytaxtımızda keçirilməsi Şuşanı qlobal diplomatiya platformasına çevirir".
Anar Əliyev