“Ermənistanın Qərbə meyilliyi heç şübhəsiz ki, Moskva ilə İrəvan arasında münasibətləri ciddi şəkildə gərignləşdirib. Ermənistan rəhbərliyi Qərbə inteqrasiya yolunu tutaraq daha çox Fransa ilə hərbi və siyasi müstəvidə müqavilələr imzalamağa çalışır. Ancaq bütün bunlarla Ermənistanln tezliklə NATO-ya üzv olması reallaşacaq deyə bilmərik”.
Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Məhəmməd Əsədullazadə səsləndirib. O bildirib ki, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının və Avrasiya İttifaqının üzvüdür və ona görə də İrəvan ilk növbədə bu təşkilatlardan çıxmalıdır:
“Ermənistanın belə bir addım atması isə İrəvanla Moskva arasında gərginliyi daha da artırmış olar”.
Politoloq onu da deyib ki, erməni baş nazir ölkəsinin MDB, eləcə də KTMT səviyyəsində əməkdaşlığını aşağı səviyyəyə endirib:
“Bir daha qeyd edim ki, Ermənistanın NATO-ya üzvlüyü mümkün deyil. Çünki ortada Türkiyə, eyni zamanda Gürcüstan faktoru var. Digər tərəfdən Nikol Paşinyanın hələ nə qədər hakimiyyətdə qalacağı da məlum deyil”.
Anar Əliyev