Azərbaycan Respublikasının Prezidenti Qırğızıstana, MDB dövlət başçılarının sammitinə səfəri çərçivəsində yadda qalan məqamlardan biri də İlham Əliyevin rusiyalı həmkarı Vladimir Putinlə görüş keçirməsi oldu. Qeyd etdiyimiz kimi, MDB dövlət başçılarının Bişkekdə sammiti çərçivəsində prezident İlham Əliyevlə Vladimir Putin arasında ikitərəfli görüş keçirildi.
Newscenter.az-ın xəbərinə görə, Azərbaycan və Rusiya liderlərinin görüşü və müzakirə edilən məsələlər haqda danışan politoloq Məhəmməd Əsədullazadə deyib ki, görüşdə V. Putin öncə xüsusi olaraq Qarabağ məsələsini və onun ətrafında baş verənləri müzakirə ediləcəyini deyib, bunu həssas məqam kimi vurğulayıb:
"Prezident İlham Əliyev isə, cavabında ikitərəfli iqtisadi əlaqələrin inkişafından danışaraq Qarabağ məsələsinin üstündən keçdi. Çünki, Azərbaycan üçün Qarabağ məsələsi bitib".
Politoloq hesab edir ki, ona görə də bu məsələni gündəliyə gətirilməsi Azərbaycanın milli maraqlarına xidmət etmir:
"Təbii ki, Rusiya bununla Sülhməramlı qüvvələrini Qarabağda saxlamaq və ermənilərin növbəti gəlişini təşkil etməyi planlaşdırır. Ona görə də Azərbaycan Rusiya ilə yalnız Sülhməramlı qüvvələrinin çıxarılmasını müzakirə edir. Rusiya ilə Azərbaycan arasında sülhməramlı qüvvələrinin çıxarılması ilə bağlı müəyyən problemlər yaşanır".
Anar Əliyev