"Autizm və ya autizm spektr pozuntusu (ASP) xəstəlik olmadığına görə müalicəsi də yoxdur. Bu pozğunluğu olan insanların cəmiyyətdəki həyata uyğunlaşması və emosiyalarını idarə etməyi öyrənməsi ən vacib məsələlərdən biridir. Burada isə peşəkar psixoloqlar, təhsil, təlim və ailə terapiyası daha çox kömək edə bilər".
Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Jalə Əhmədova səsləndirib. Millət vəkili bildirib ki, ölkəmizdə gündə bir psixoloji və loqoped mərkəzlərinin açılması adi bir hala çevrilib və bu sahəyə hər hansı bir nəzarət mexanizmi demək olar yox səviyyəsindədir:
"Autizm spektr pozuntusu olan uşaqların təhsili və sosiallaşması üçün 3 ay, 5 aylıq kursları bitirib sertifikat alan və özünü psixoloq adlandıran çoxsaylı “psixoloq”lar deyil, dövlət səviyyəsində imtahan verib psixoloq adını alan peşəkarlar lazımdır".
Millət vəkili qeyd edib ki, ASP-li uşaqların cəmiyyətin bərabərhüquqlu üzvü olması üçün bağça və məktəblərdə xüsusi proqramlar tərtib edilməli, maarifləndirici təlimlər keçirilməlidir:
"Bununla yanaşı məktəb psixoloqlarının ASP-li uşaqların valideynləri və müəllimlər ilə görüşlər keçirməsi və onlara autizm spektr pozuntusu olan uşaqlarla davranma qaydaları, təhsil və təlim təlimatları haqqında maarifləndirməsi yaxşı nəticələr verə bilərdi. Hesab edirəm ki, Elm və Təhsil Nazirliyi bu sahədəki çatışmazlıqlara daha çox diqqət ayırmalıdır".
Ruhiyyə