Bu gün 17 oktyabr – Füzuli şəhəri günüdür. Bu gün Füzuli rayonunun işğaldan azad edilməsinin üçüncü ildönümünü qeyd edirik.
İşğala qədər Füzuli rayonu tarixi-dini abidələrlə, xüsusən də türbələrlə zəngin bir ərazi idi. 1993-cü il avqustun 23-də erməni silahlı qüvvələri tərəfindən Füzuli şəhərinin və rayonun böyük hissəsinin işğal olunmasından sonra Ümummilli Lider Heydər Əliyevin əmri ilə başlanmış hərbi əməliyyatlarla 1994-cü il yanvarın 5-də Azərbaycan Silahlı Qüvvələri rayonun 22 yaşayış məntəqəsini işğaldan azad etmişdi.
Füzuli rayonunda işğaldan əvvəl 2 şəhər, 16 qəsəbə, 82 kənd və başqa yaşayış məntəqələri vardı. Füzuli uğrunda gedən döyüşlər İkinci Qarabağ müharibəsinin cənub-şərq cəbhəsində ən mühüm əməliyyatlardan biri idi. Füzuli əməliyyatı ilə həmçinin Cəbrayıl və Xocavənd rayonunun da bir sıra yaşayış məntəqələri Ordumuz tərəfindən azad olundu.
Hərbçilərimizin böyük peşəkarlığı və fədakarlığı sayəsində, 30 il ərzində düşmənin təmas xəttində möhkəm istehkamlar qurmasına və hətta ən tanınmış hərbi mütəxəssislərin belə, Füzulini işğaldan azad etmək üçün aylarla vaxt lazım olacağı barədə proqnozlarına baxmayaraq, qəhrəman Azərbaycan Ordusu bunu reallığa çevirdi.
Bu gün qədim yaşayış məskənimiz olan Füzuliyə də işğaldan azad edilmiş digər ərazilərimiz kimi yeni nəfəs gəlib. Görülən bərpa və quruculuq işləri sayəsində rayonun yeni inkişaf dövrü başlayıb. Prezident İlham Əliyevin Füzuliyə səfərləri zamanı artıq “Qarabağın hava qapısı” adlandırılan və cəmisi 8 aya inşa olunmuş Füzuli Beynəlxalq Hava Limanının, “Füzuli” yarımstansiyasının, “Azərişıq” ASC-nin Füzuli Rəqəmsal Yarımstansiya və İdarəetmə Mərkəzinin və digər mühüm obyektlərin açılışı olmuş, Füzuli-Şuşa avtomobil yolu – Zəfər yolu istifadəyə verilmiş, o cümlədən Füzuli-Ağdam avtomobil yolunun, Dövlətyarlı kəndində “Ağıllı kənd”in, çoxmənzilli yaşayış məhəlləsinin, Peşə Liseyinin və bir sıra başqa mühüm infrastruktur obyektlərinin təməli qoyulmuşdur.
Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin şəxsi təşəbbüsü ilə Füzulidə inşa olunmuş məktəbin açılışı və Füzuli şəhərində qazax xalqının böyük oğlu Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin yaradılması isə iki xalq arasında dostluğun rəmzidir.
Füzuli rayonunda həyata keçirilən bütün bu işlər işğaldan azad olunmuş digər ərazilərimiz kimi tezliklə bu rayonun da firavan günlərə qovuşacağından xəbər verir.
Jalə Əhmədova-Milli Məclisin deputatı