İsrail HƏMAS-ın hərbi-inzibati potensialını məhv etməyincə Qəzza zolağındakı əməliyyatlarını dayandırmayacaq.
Newscenter-az xəbər verir ki, bunu İsrailin Baş naziri Binyamin Netanyahu Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı zamanı deyib.
"Baş nazir Binyamin Netanyahu axşam saatlarında (oktyabrın 16-da-red) Rusiya Prezidenti Vladimir Putinlə telefonla danışıb. Baş nazir açıq şəkildə bildirib ki, İsrail rəzil və qəddar qatillər tərəfindən hücuma məruz qalıb, qətiyyətli, vahid şəkildə birləşərək müharibəyə gedib və HƏMAS-ın hərbi, idarəetmə imkanlarını məhv etməyincə dayanmayacaq", - İsrail Baş nazirinin Ofisi iki liderin telefon danışığından sonra yaydığı məlumatda vurğulanır.
Daha əvvəl Kremlin mətbuat xidməti Putinin Netanyahu ilə Fələstin-İsrail münaqişəsinin pisləşməsini müzakirə etdiyini bildirib.
Qeyd edək ki, Fələstinin HƏMAS qruplaşmasının oktyabrın 7-dən etibarən həyata keçirdiyi hücumlar nəticəsində İsraildə ölənlərin sayı 1 400-ə çatıb, 3 000-dən çox adam yaralanıb. Ərazidə 1 300-dən çox bina dağılıb.
Anar Tağıyev