"Ermənistanın baş naziri Nikol Paşinyandan Azərbaycan üçün hansısa müsbət fikirlərin gözlənilməsinin özü yanlışdır. Paşinyan hansı məntiqlə onun idarə etdiyi ölkəni məğlub edən Azərbaycan haqqında müsbət fikir söyləməlidir? Paşinyan sadəcə iştirak etdiyi bu platformada özünü və ölkəsini sülhpərvər, ziyançəkmiş və əhalisi "etnik təmizliyə" məruz qalmış kimi göstərməyə çalışır".
Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Azər Qasımov erməni baş nazirin Avropa İttifaqında çıxışı zamanı Azərbaycana qarşı səsləndirdiyi iddialara münasibət bildirərkən səsləndirib. Politoloq deyib ki, Paşinyan bütün beynəlxalq platformalarda Azərbaycanı günahkar göstərmək istəyir:
"Paşinyandan bundan başqa heç nə gözləmək lazım deyil. Bu, belə də olmalı idi. Burada əsas məsələ Azərbaycanın bu yalan iddiaları rədd etməsi və yalan olmasını sübut etməsidir ki, bu istiqamətdə də işlər gedir".
Politoloq car ilin sonuna qədər iki ölkə arasında sülh müqaviləsinin imzalanacağını da real hesab etmir:
"Ermənistanın istəkləri ilə Azərbaycanın tələbləri üst-üstə düşmür. Ermənistan Rusiyadan uzaqlaşmaq istəyir. Qərb də ona bu prosesdə dəstək olur. Geosiyasi oyunlar hələ davam edir, həm də yeni mərhələyə qədəm qoyur. Ona görə sülh məsələsi tezliklə olmayacaq".
Anar Əliyev