Paytaxtın ümumi təhsil müəssisələrində 18 Oktyabr-Müstəqilliyin Bərpası Günü ilə əlaqədar tədbirlər keçirilib.
Təhsil müəssisələrində müstəqilliyin bərpasının 32-ci ildönümünə həsr olunan konfranslar, mühazirə və “Dəyirmi masa”lar, vətənpərvərlik mövzusunda bədii qiraət gecələri təşkil edilib. Eləcə də məktəblərdə bayram münasibətilə fotostendlər, bülletenlər hazırlanıb, məktəblilər arasında rəsm, bədii qiraət və inşa yazı müsabiqələri, intellektual oyunlar, şagirdlərin əl işlərindən ibarət sərgilər təşkil olunub.
Newscenter.az xəbər verir ki, tədbirlərdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin, rayon icra hakimiyyətlərinin, müxtəlif idarə və təşkilatların nümayəndələri, təhsil müəssisələrinin müəllim-şagird kollektivləri iştirak ediblər.
Tədbirlərdə 32 il əvvəl-1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Soveti tərəfindən dövlət müstəqilliyi haqqında Konstitusiya Aktının qəbul edilməsi, həmin tarixi dövr barədə şagirdlərə ətraflı məlumat verilib.
Azərbaycan xalqı bu bayramı tarixi qələbəmiz sayəsində ərazi bütövlüyünü tam bərpa etmiş xalq kimi qeyd edir. Bu baxımdan dövlətçilik tariximizdə müstəsna əhəmiyyətə malik, xüsusən müstəqilliyin əldə edilməsi və bərpası kimi tarixi günlərin mahiyyətinin daha dəqiq ifadə olunması və şagirdlərə bu barədə məlumatların daha ətraflı çatdırılması böyük önəm kəsb edir.
Azərbaycanın müstəqilliyinin bərpasının 32-ci ildönümünə həsr olunmuş tədbirlərdə şagirdlər söylədikləri şeirlər, ifa etdikləri mahnılarla Vətənə olan sevgilərini nümayiş etdiriblər.
Tədbirlərdə müstəqillik tariximizdən bəhs edən videoçarx və sənədli filmlər də nümayiş etdirilib.
R.Mehdiyeva