Şərqi Zəngəzur Regional Mədəniyyət İdarəsinə tabeli Zəngilan rayon nümayəndəliyi və Azərbaycan Milli Xalça Muzeyinin təşkilatçılığı ilə “Yeni zəfərlərə açılan yol - Zəngilan şəhəri” adlı tədbir təşkil edilib.
Newscenter.az xəbər verir ki, tədbirdə Azərbaycan Milli Xalça Muzeyinin, Y.A.P Zəngilan rayon təşkilatının, Veteranlar ictimai birliyi Zəngilan rayon şöbəsinin əməkdaşları və Zəngilan rayon mədəniyyət işçiləri iştirak ediblər. Qonaqlar əvvəlcə Azərbaycan və Qazaxıstan dostluğuna həsr olunan sərgi ilə tanış olublar. Sonra rəssam Taryer Bəşirovun müəllifi olduğu, ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Azərbaycan Milli Xalça Muzeyində "Tarixin salnaməsi" sərgisinin təqdimatı baş tutub.
Sərgidən sonra "Milli sərvətimiz" adlı sənədli filmə baxış keçirilib. Zəngilan şəkillərindən ibarət sərgi ilə tanışlıqdan sonra, tədbirin bədii hissəsi trionun ifasında “Mən gedirəm Zəngilana” xalq mahnısının sədaları altında başlanıb. Çıxışçılar öz nitqində qonaqları salamlayıb və əlamətdar gün münasibətilə Zəngilan ictimaiyyətini təbrik ediblər. Daha sonra Zəngilana səfər zamanı çəkilən görüntülərdən ibarət videoçarx təqdim edilib, rayon haqqında ətraflı məlumat verilib. 27 illik həsrətdən sonra doğma Zəngilana qovuşmağın verdiyi böyük xoşbəxtliyə görə qəhrəman oğullara və Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev cənablarına minnətdarlıq bildirilib. Sonda günün anlam və önəminə uyğun şeir və “Zəfər marşı” ifası səsləndirilib.
Anar Əliyev