Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Daşkənd və Xarəzm vilayətlərində “Azərbaycan mədəniyyəti və poeziya həftəliyi” keçiriləcək

Daşkənd və Xarəzm vilayətlərində “Azərbaycan mədəniyyəti və poeziya həftəliyi” keçiriləcək


Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi və təşkilatçılığı ilə cari il 23-26 oktyabr tarixlərində Özbəkistanın Daşkənd və Xarəzm vilayətlərində “Azərbaycan mədəniyyəti və poeziyası həftəliyi” keçiriləcəkdir.

Newscenter.az
xəbər verir ki, “Azərbaycan mədəniyyəti və poeziyası həftəliyi” çərçivəsində cari ilin 23 oktyabr tarixində Azərbaycanın xalq şairi Vahid Əzizlə Özbəkistan Yazıçılar Birliyində görüş keçiriləcək, Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək dili və Ədəbiyyatı Universitetində «Müasir dövr Azərbaycan-Özbəkistan ədəbi əlaqələri» mövzulu, habelə xalq şairi Vahid Əziz yaradıcılığına dair tədbir keçiriləcəkdir.

24 oktyabr tarixində isə Özbəkistan Sənət və Mədəniyyət Institutunda Azərbaycan poeziyası və musiqisinə həsr olunmuş ədəbi-bədii tədbir təşkil olunacaqdır. Tədbirdə Azərbaycanın xalq şairi Vahid Əzizlə görüş keçiriləcək, şairin şeirləri səsləndiriləcək, gənc və populyar xanəndələrimiz, beynəlxalq müsabiqələr laureatları, muğam ifaçıları Mirələm Mirələmov və Kamilə Nəbiyeva milli musiqimiz, muğamlarımızı ifa edəcək, eyni zamanda Özbəkistanda tanınmış azərbaycanlı saz ustası İlham Abdullayev milli saz havalarımız, Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdindəki “Azərbaycan qızları” rəqs ansamblı isə milli rəqslərimizlə çıxış edəcəklər.

25 oktyabr tarixində Özbəkistanın Xarəzm vilayətində Urgənc Dövlət Universitetində tədbirlər davam edəcək, Azərbaycan poeziya nümayəndələri, incəsənət ustalarının iştirakı ilə ədəbi-bədii, musiqili tədbir keçiriləcəkdir.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə tanınmış azərbaycanlı yazıçı, ictimai xadim, 1938-40-cı illərdə Urgənc Dövlət Universitetinin müəllimi olmuş Yusif Vəzir Çəmənzəminlinin adı sözügedən təhsil ocağında əbədiləşdiriləcəkdir. Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Urgənc Dövlət Universitetində Yusif Vəzir Çəmənzəminli adına Azərbaycan – Özbəkistan dostluq mərkəzi yaradılmış və Xarəzm vilayətində keçiriləcək “Azərbaycan mədəniyyəti və poeziya həftəliyi” çərçivəsində sözügedən mərkəzin açılışı nəzərdə tutulub.

Mərkəzdə Azərbaycan-Özbəkistan dostluğu, dövlət başçılarımız İlham Əliyev və Şavkat Mirziyoyevin görüşləri, onların dostluğumuzla bağlı fikirləri, Azərbaycan dövlətçiliyi, tarixi, mədəniyyəti, ədəbiyyatına dair müxtəlif sərgilər, guşələr təşkil olunacaq, Azərbaycana dair mini kitabxana və auditoriya fəaliyyət göstərəcəkdir.

Tədbirlər çərçivəsində Urgənc Dövlət Universitetində Heydər Əliyev ili münasibəti ilə dahi şəxsiyyətə həsr olunmuş kitab və foto sərgi təqdim olunacaq, Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Özbəkistanda 3 dildə (Azərbaycan, özbək və türk) çapdan çıxan “Heydər Əliyev – 100 kəlam” adlı kitabın, habelə “Şuşa – Türk dünyasının mədəniyyət paytaxtı” adlı 5 dilli (Azərbaycan, türk, özbək, rus, ingilis) ensiklopedik nəşrin təqdimatları da keçiriləcəkdir.

“Azərbaycan mədəniyyəti və poeziya həftəliyi” çərçivəsində 25 oktyabr tarixində Özbəkistanın Xarəzm vilayətinin Mərkəzi Konsert Sarayında Azərbaycan incəsənət ustalarının iştirakı ilə qala konsert keçiriləcəkdir.
Tədbir çərçivəsində Özbəkistanın Xarəzm vilayətinin Urgənc və Xivə şəhərlərinin kitabxanalarına Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin nəşrlərindən ibarət zəngin kitab kolleksiyası hədiyyə ediləcəkdir.

Qeyd edək ki, Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə 2023-ci ildə Şuşa şəhəri ilə Özbəkistanın Xivə şəhəri qardaşlaşmış və bu barədə müqavilə imzalanmışdır.

R.Mehdiyeva
Xəbəri paylaş