"Yaxın Şərqdən qaynaqlanan gərginliyin mahiyyəti Ukrayna müharibəsi ilə fərqli olsa da, onları birləşdirən ən başlıca səbəb iki halda da aktiv oyunçuların fərqli olmasına baxmayaraq arxa plan oyunçularının eyni olmasıdır. Xüsusən də Qərb alyansı və onların başında dayanan Amerika. Hər iki müharibənin taleyini Amerikanın verəcəyi qərarlar həll edir desək, yanılmarıq".
Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Azər Qasımov səsləndirib. O bildirib ki, istər Ukraynanın, istərsə də, İsrailin siyasi və hərbi dəstəkçisi kimi Amerika bu qarşıdurmalarda geosiyasi problemlərini həll edir:
"Odur ki, bu iki məsələ də tək onun dəstək verdiyi ölkələrin problemi yox, əslində Amerikanın problemidir. ABŞ rəsmilərinin bəyanatları və səfərləri bunu sübut edir".
Azər Qasımov deyib ki, ABŞ-ın Kiyevə yönəlik hərbi dəstəyinin azalmasından danışmaq doğru olmazdı:
"ABŞ Ukraynaya dəstəyini davam etdirir. Yeni silahlar verilir. Bura "ATAKMS" raketləri, hansı ki, nisbətən uzaqmənzilli raketlər hesab olunur və Ukrayna ordusunun əks-hücum əməliyyatlarının dərinləşməsində böyük rol oynayacaq, eləcə də "ABRAMS" tanklarının verilməsi təmin edilib. F-16 qırıcı təyyarələrinin gəlməsi ehtimalı böyükdür. Hələlik pilotların hazırlandığı qeyd edilir. Hava hücumundan müdafiə sistemlərinin artıq ən güclü olduğu ölkə Ukrayna olduğu qeyd edilir".
Anar Əliyev