İntensiv yağıntılar nəticəsində yaranmış güclü sel sularının uçurduğu Respublika əhəmiyyətli Gəndob-Xaçmaz-Yalama-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 27-ci km-də, Qudyalçay üzərində dağılmış avtomobil körpüsünün yerində yenisinin inşası sürətlə davam edir.
Newscenter.az-a Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, yeni körpü inşa edilənədək vətəndaşların rahat hərəkətini təmin etmək üçün ərazidə yeni alternativ yol çəkilərək istifadəyə verilib. 200 metr uzunluğa malik sözügedən müvəqqəti yol körpüdən təxminən 50 metr qərb istiqamətdə inşa olunub.
Xatırladaq ki, sürücülər müvəqqəti alternativ yol kimi Xaçmaz rayonu, Qımılqışlaq kəndi ərazisindən keçən yoldan da istifadə edə bilərlər. Sözügedən yol boyunca hərəkətlə əlaqədar əlavə təhlükəsizlik tədbirləri görülüb. Alternativ yolun Xaçmaz və Xudat istiqamətdən girişinə məlumatlandırıcı nişanlar quraşdırılıb.
Yeni körpünün inşası istiqamətində də tikinti işləri sürətlə davam etdirilir. Artıq sözügedən körpünün kənar dayaqlarının, orta dayaq bünövrəsinin və sütünlarının inşası yekunlaşıb. Hazırda orta dayağın rigelinin karkasının və qəlibinin hazırlanması, çay məcrasında mühafizə bəndinin inşası üçün baraj svaylarının betonlanması işləri aparılır. İki aşırımlı yeni körpünün uzunluğu 66, eni isə 15.5 metr olacaq. Körpüdə piyadalar üçün 2 hərəkət zolağı da nəzərdə tutulub.
Qeyd edək ki, hadisə baş verəndən dərhal sonra əraziyə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları cəlb olunaraq, ərazidə əlavə təhlükəsizlik tədbirləri görülüb.
Agentliyin rəhbərliyi və aidiyyəti qurumların əməkdaşları tərəfindən təbii fəlakət nəticəsində çökmüş körpüyə baxış keçirilib və yerində yeni avtomobil körpüsünün inşası qərara alınıb. Bununla əlaqədar olaraq əraziyə xüsusi texnikalar cəlb edilərək işlərə başlanılıb.
R.Mehdiyeva