Artıq 20 günə yaxındır ki, İsrail Qəzzada HƏMAS-a qarşı əməliyyat keçirir. Hava zərbələrindən ibarət olan bu əməliyyat nəticəsində minlərlə fələstinli dünyasını dəyişib, bir o qədər insan yaralanıb, yaxud öz ev-eşiyindən didərgin düşüb.
Newscenter.az-ın xəbərinə görə, Yaxın Şərqdə cərəyan edən proseslərə diqqət çəkən politoloq Azər Qasımov deyib ki, İsrailin Qəzza zolağına etdiyi hücumlarda hüquqi president yaradan əsas səbəb ilk növbədə Fələstinin tək Qəzza zolağından ibarət olmadığı ilə bərabər, Qəzza fələstinlilərinin HƏMAS-ı siyasi lider kimi tanımaları, seçmələridir. Politoloq deyib ki, HƏMAS Qəzza xalqıdır:
"Şərt deyildir ki, xalq HƏMAS üzvü deyil, şərt odur ki, ordakı xalq HƏMAS-ı özlərinə lider seçiblər və faktiki olaraq HƏMAS Qəzza zolağının idarəçiliyini həyata keçirir".
Azər Qasımov deyib ki, HƏMAS-la İsrail dövlətinin qarşlılqlı etdikləri hücumlarda HƏMAS-ı terrorçu kimi, İsraili isə dövlət kimi bir-birindən fərqləndirib, onlardan İsrailin etdiklərinə fərq qoymaq mahiyyət etibarı ilə yanlışdır:
"İsrail əgər dövlətdirsə, HƏMAS da oradakı xalq tərəfindən seçilmiş hakimiyyətdir, bir növ "dövlətdir". Təbii ki, HƏMAS-ın mübarizə üsulları terrorçu üsullardır. Dünya Qərbi Şəriyyədəki Mahmud Abbas idarəçiliyində olan Fələstin dövlətini tanıyırsa, hansıki onlar İsraillə normal münasibətdədirlər, İsmayıl Haniyə yönətimindəki HƏMAS da bir "dövlətdir". Amma onu kimsə tanımır. Bu, eynən Ermənistan və "Artsax" adlı qondarma qurumla eyni mahiyyət daşıyır".
Politoloq daha sonra bunları qeyd edib:
"Azərbaycan necəki həm öz vətəndaşlarını, eyni zamanda, qondarma qurumun zəbt etdiyi ərazini antiterror əməliyyatı ilə terrorçulardan təmizlədi və "liderlərini" həbs etdi, İsrail də eyni işi görür. Təkcə metodlar fərqlidir. Bu da o coğrafiyanın və ordakı insanların biləcəyi işdir, onların mentalitetindən irəli gələn haldır.
Azərbaycan ona qarşı eynən ordakı metodlarla soyqırım edilməsi faktı ilə qarşılaşsa da, öncə də, illər sonra da metodları dəyişmədən terrorçulara və onları "seçki" ilə hakimiyyətə gətirən ermənilərə qarşı sivil dövlət kimi davrandı və insanlara, hətta məhv etmədiyi terrorçulara belə ərazidən sakitliklə öz istəkləri ilə çıxıb getmələrinə şərait yaratdı, hansıki onların etdiklərini etmək imkanında və gücündə idi. Bu da bizim mentalitetimizə yad hərəkət idi və biz də bunu etmədik".
Azər Qasımovun qənaətincə, müqayisələrdən sonra belə nəticə çıxarmaq olar ki, hər hansı səbəblə olursa-olsun HƏMAS İsrail dövləti üçün mahiyyət etibarı ilə legitim və bərabər hüquqlu rəqibdir:
"HƏMAS bunu özü öz siyasi fəaliyyəti ilə legitim edib. Bu durumda da İki seçkili hakimiyyətə malik qurumun, yəni HƏMAS və İsrailin problemlərini güc yolu ilə həll etməsində heç bir qeyri-adi heç nə yoxdur, xüsusən də, tərəflərdən biri terrorçu mahiyyətli mübarizə yolu seçibsə. Əgər iki dövlət adına iddia edən qurum bir-birini qəbul etmirsə, eynən Azərbaycan və "Artsax" adlı keçmiş qondarma qurum kimi, o zaman güclü olan qazanır. Zəif olan da tarix səhnəsindən silinir, eyni ilə HƏMAS kimi. Hər iki tərəfdən xalq isə seçdikləri hakimiyyətlərin arxasında həm əziyyət çəkir, həm də seçdiklərini müfafiə edirlər. Məğlub olanlar, qalib olanların şərtlərini qəbul etməlidir".
Anar Əliyev