“Qubadlının erməni işğalından azad edilməsi Vətən müharibəsində tarixi zəfərimizi daha da yaxınlaşdırdı, İkinci Qarabağ müharibəsindən qalibiyyətlə ayrılacağımıza əminlik yaratdı. Beləliklə, 2020-ci il, oktyabr ayının 25-də Qubadlı rayonunun işğaldan azad edilməsi ilə bağlı müjdəni Ali Baş Komandan, Cənab Prezident İlham Əliyev Azərbaycan xalqına verdi”.
Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı İqbal Məmmədov Qubadlının işğaldan azad edilməsinin üçüncü ildönümü barədə danışarkən səsləndirib. Millət vəkili qeyd edib ki, digər şəhər və rayonlarımız kimi ermənilər Qubadlını da xarabalığa çevirmiş, yeraltı və yerüstü sərvətlərini talamış, daşı daş üstündə qoymamışdılar:
“Ancaq rayonun işğaldan azad edilməsindən keçən 3 il ərzində Qubadlıda genişmiqyaslı quruculuq abadlıq işlərinə start verilib”.
İqbal Məmmədov diqqətə çatdırıb ki, Qubadlının işğaldan azad edilməsinin ilk ilindən burada infrastruktur layihələrinin icrasına başlanıldı:
“Yaxşı xatirimizdədir ki, 2021-ci ilin elə bu günü Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qubadlı rayonunda səfərdə oldular. Dövlət başçısı və birinci xanım Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun 10-cu kilometrliyindən Qubadlı şəhər mərkəzinə gedən Xanlıq-Qubadlı yolunun təməlqoyma mərasimində, “Azərenerji” ASC-nin sistem əhəmiyyətli 110/35/10 kV-luq “Qubadlı” yarımstansiyasının, Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissə kompleksinin açılışlarında iştirak etdilər. Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qubadlı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdülər”.
İqbal Məmmədov vurğulayıb ki, işğaldan azad edilən hər bir şəhər və rayonda olduğu kimi Qubadlıda da həyata keçirilən infrastruktur layihələri dövlət başçısının şəxsən diqqəti və nəzarətindədir. Bu da işin daha keyfiyyətli və məsuliyyətlə həyata keçirilməsinə imkan yaradır:
“Dövlət başçısı və birinci xanımın 2022-ci ilin oktyabrın 19-da da Qubadlı rayonuna növbəti səfəri məhz bu diqqətin göstəricisi idi. Belə ki, Prezident İlham Əliyev Qubadlı rayonunda “Bərgüşadçay” və “Zabuxçay” su anbarlarının layihələri ilə tanış olub, Qubadlı Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin təməlini qoyub. Dövlət başçısına və birinci xanıma Qubadlı şəhərinin Baş planı təqdim olunub. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qubadlıda İşğal və Zəfər muzeylərinin təməlqoyma mərasimində iştirak ediblər”.
İqbal Məmmədovun sözlərinə görə, görülən işlər, həyata keçirilən infrastruktur layihələri əsasında Qubadlıda həyat yenidən canlanır, rayon özünün inkişafının yeni mərhələsini yaşayır.
Millət vəkili deyib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə oktyabrın 25-I tarixinin Qubadlı şəhər günü elan edilməsi də mühüm əhəmiyyət kəsb edir:
“Qubadlılar ilk dəfədir ki, Qubadlı Şəhər Gününü qeyd edirlər. İnanırıq ki, tezliklə Qubadlı öz əvvəlki görkəmini bərpa edəcək, respubıikamızın dilbər guşələrindən birinə çevriləcək. O zaman Qubadlı Şəhər Gününü həm qubadlılar, həm də bütün Azərbaycan cəmiyyəti böyük şadyanalıqla qeyd edəcək”.
Anar Əliyev