İçməli su təchizatı və tullantı sularının axıdılması sahəsində müştəri xidmətlərinin əhatə dairəsi ildən-ilə genişlənir. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində təmsil olunması istehlakçılara göstərilən müştəri xidmətlərini asanlaşdırır və bu sahədə şəffaflığın artırılmasını təmin edir.
Newscenter.az xəbər verir ki. son illər vətəndaşlar və abonentlər tərəfindən bu mərkəzlərə edilən müraciətlərin sayında ciddi artım müşahidə olunur. 2023-cü ilin yanvar-sentyabr aylarında “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərinə içməli və tullantı su sahəsində xidmətlərlə bağlı 127402 müraciət daxil olub. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 15 faiz çoxdur. Müraciətlərin 76332-si “ASAN Kommunal”, 50667-si “ASAN xidmət” mərkəzlərində, 403-ü isə KOB evlərində qeydə alınıb. Vətəndaşlar xidmət bölmələrinə daha çox texniki şərtin verilməsi, abonent məlumatlarında dəyişikliklərin edilməsi, borclar haqqında məlumatların verilməsi və digər məsələlərlə bağlı müraciətlər edib.
Hazırda “Azərsu” ASC-nin xidmətləri Bakı şəhərindəki 1,2,3 saylı “ASAN Kommunal”, 6 saylı “Asan xidmət”, həmçinin regionlarda 16 “ASAN xidmət” mərkəzində təşkil olunub. Bu mərkəzlərdə “Azərsu” ASC-nin 54 xidmət pəncərəsi mövcuddur.
Qeyd edək ki, “ASAN xidmət” mərkəzlərində “Azərsu” ASC-nin müştəri xidmətlərinin göstərilməsinə 2014-cü ilin may ayından başlanılıb. 2017-ci ildən “Azərsu” Açıq Səhmdar Cəmiyyəti “ASAN Kommunal” mərkəzlərində də təmsil olunur. Ümumilikdə 2014-cü ildən indiyədək bütün xidmət mərkəzlərinə vətəndaşlar tərəfindən müxtəlif məsələlərlə bağlı 800 mindən çox müraciət daxil olub.
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “ASAN xidmət indeksi” üzrə qiymətləndirməsinə əsasən “Azərsu” Açıq Səhmdar Cəmiyyəti 2021-2022-ci illər üzrə Kommunal xidmətlər göstərən qurumlar arasında 1-ci yer tutub. Bu nailiyyət xidmətdən yararlanma imkanlarının genişləndirilməsi, vətəndaşların məlumatlandırılması, əməkdaşların peşəkarlıq səviyyəsinin ölçülməsi, elektronlaşdırma göstəricilərinin qiymətləndirilməsi nəticəsində əldə edilib.
Sona