Görünən odur ki, Ermənistan yenə də sürətli şəkildə silahlanma və regionda yenidən müharibəyə başlamağı hədəfləyib. Elə bu ölkənin Fransadan silah alması, Parislə İrəvan arasında hərbi əməkdaşlığa dair sazişin imzalanması da belə deməyə əsas verir.
Ekspertlər isə hesab edirlər ki, Ermənistanın silahlanması təkcə Azərbaycan deyil, ümumilikdə region üçün təhlükəli olduğundan Ermənistanın silahlanmasının qarşısı alınmalıdır.
Newscenter.az-ın xəbərinə görə, politoloq Azər Qasımov da deyib ki, Azərbaycan Ermənistanın silahlanmasına nəzarət etməlidir:
"Əgər Ermənistan yenidən silahlanacaqsa, Azərbaycan bunun qarşısını almaq üçün preventiv tədbirlər görmək hüququnu özündə saxlamalıdır. Azərbaycan bunu öz əhalisinə qarşı təhlükə olduğunu bəyan etməli, daşınan silahları məhv etmək üçün lazım gəlsə Ermənistan ərazisində hərbi əməliyyat belə keçirməlidir".
Politoloq qeyd edib ki, Fransanın öz məqsədləri üçün Ermənistanı silahlandırmaq istəyini Azərbaycan dövləti öz lehinə dəyişməlidir:
"Azərbaycan dövləti yaranacaq gərginliyin səbəbini və nəticələrini Fransanın üzərinə qoymalı, onu günahkar çıxarmalıdır. Bu, Azərbaycanın süveren hüququdur və dünya ictimaiyyəti bunda Azərbaycanı günahlandıra bilməz. Bu durumda silahların daşınmasında əsas nəqliyyat marşrutu olan Zəngəzur ərazisi nəzarətə götürülə bilər. Silah daşınması məqamında ələ keçirilən silahlar müsadirə edilə və beynəlxalq ictimaiyyətə sübut kimi təqdim edilə bilər. Bu, eyni zamanda, güclü təbliğat kampaniyası ilə eyni zamanda aparılmalıdır ki, Azərbaycan öz haqlı mövqeyini isbat etmiş olsun".
Anar Əliyev