Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “AzInTelecom” MMC bu gün başlayan “Kritik İnfrastrukturun Müdafiə Yarışı” (CIDC-2023) tədbirində “Qızıl sponsor” qismində stendlə çıxış edir.
İki gün davam edəcək “CIDC-2023” Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, Dövlət Təhlükəsizliyi Xidməti və Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzinin birgə təşkilatçılığı ilə "Bakı Konqres Mərkəzi" MMC-də keçirilir.
Newscenter.az xəbər verir ki, tədbir çərçivəsində informasiya təhlükəsizliyi üzrə təqdimat və panel müzakirələri təşkil olunacaq. Eyni zamanda “B2B” formatlı görüşlər, kiberhücumların simulyasiyası ilə “Kibermüharibə” yarışının finalı keçiriləcək.
Tədbir çərçivəsində, həmçinin Kibertəhlükəsizlik həlləri sərgisi təqdim olunur. “AzInTelecom”un sərgidəki stendində şirkətin xidmət və məhsulları barədə məlumat verilir. Qonaqlara “AzInTelecom”un bir sıra rəqəmsal məhsulları praktiki formada nümayiş olunur. Burada, həmçinin maraqlı viktorinalar keçiriləcək və fərqlənən iştirakçılara hədiyyələr veriləcək.
Bulud xidmətləri, SİMA Rəqəmsal Həllər Platforması, Mərkəzləşdirilmiş İnformasiya Sistemləri və İnformasiya təhlükəsizliyi xidmətləri ilə maraqlanan şəxslər “AzInTelecom”un stendinə yaxınlaşaraq ətraflı məlumat ala bilərlər.
“AzInTelecom” dövlət qurumları və özəl şirkətlərə informasiya resurslarını kibercinayətkarlıqla bağlı risklərdən qorumaq və preventiv addımlar atmaq üçün informasiya təhlükəsizliyi xidmətləri təklif edir.
Müştərilər “AzInTelecom”un İnformasiya təhlükəsizliyinin auditi və konsaltinqi, kibertəhlükəsizlik və Təhlükəsizlik Əməliyyat Mərkəzi (SOC as Service) xidmətlərindən istifadə edə bilərlər.
İnformasiya təhlükəsizliyinin auditi və konsaltinqi xidmətinə beynəlxalq standartlara uyğun olaraq siyasət sənədlərinin hazırlanması və risk qiymətləndirilməsinin aparılmasından başlayaraq mitiqasiya, yəni təsirlərin azaldılması tədbirlərinin tətbiq edilməsinədək olan bütün addımlar daxildir. Kibertəhlükəsizlik xidməti çərçivəsində informasiya resurslarının, veb və mobil tətbiqlərin təhlükəsizlik yoxlanışı həyata keçirilir. Şirkətin təqdim etdiyi Təhlükəsizlik Əməliyyatları Mərkəzi xidmətlərinə isə kibertəhdidlərin vaxtında aşkarlanması, qarşısının alınması, kiberinsidentlərə ilkin reaksiyanın verilməsi və onların qarşısının alınması üçün ilkin dəstəyin göstərilməsi daxildir.
Sona