Oktyabrın 26-da 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının rəsmi açılış mərasiminin baş tutması həm iqtisadi inkişaf üçün, həm də xarici iqtisadi əlaqələrimizin genişləndirilməsi baxımından mühüm hadisədir. Bu stansiyasının açılış mərasiminin olduqca qısa müddətdə - təxminən ilyarım ərzində gerçəkləşməsinin özü də ayrıca bir nailiyyətdir. Məlumat üçün bildirək ki, sözügedən stansiyanın təməlqoyma mərasimi 2022-ci il martın 15-də Prezident İlham Əliyevin iştirakı ilə qoyulub və bu stansiya MDB məkanında, eləcə də Xəzər regionunda ən böyük günəş elektrik stansiyası hesab olunur.
Bir digər önəmli məqam isə ondan ibarətdir ki, 262 milyon dollar dəyərində xarici sərmayə hesabına tikilən Qaradağ Günəş Elektrik Stansiyası ölkəmizdə böyük xarici investisiya cəlb edilməklə reallaşdırılan sənaye miqyaslı ilk günəş elektrik stansiyasıdır. Bu da o deməkdir ki, Azərbaycanda siyasi sabitliyin hökm sürməsi və normal biznes mühitinin mövcudluğu ölkəmizin investisiya cəlbediciliyini daha da artırır. Stansiyanın rəsmi açılış mərasiminin uğurla baş tutması isə Azərbaycanın enerji şaxələndirilməsi və davamlı iqtisadi inkişafına aparan yolda mühüm bir addım oldu.
Qaradağ Günəş Elektrik Stansiyasının rəsmi açılış mərasimində çıxış edən Prezident İlham Əliyevin də qeyd etdiyi kimi təxminən ilyarımdan bir qədər çox müddət ərzində Abşeron yarımadasının bu boş hissəsinin yaşıl enerji mənbəyinə çevrilməsi həqiqətən də əlamətdar nailiyyətdir. Növbəti illərdə qısa müddət ərzində milli enerji şəbəkəmizin gücləndirilməsini təmin edəcək dövlət proqramınının icra edilməsi planlaşdırılır. Azərbaycanın enerji sektorunda qazandığı uğurlar, neft və qaz ixracından daxil olan gəlirlər bu gün tamamilə yeni reallıq yaradır və iqtisadiyyatımızın şaxələndirilməsinə şərait yaradır. Bu, çox zəruridir.
Ulu Öndər Heydər Əliyevin vaxtilə zamanın tələbindən irəli gələrək iqtisadiyyatın inkişafında neft amilinə xüsusi önəm verməsi bugünümüzə hesablanmış mühüm addımlardan biri kimi neft gəlirlərindən səmərəli istifadə etməklə iqtisadiyyatın şaxələndirilməsinə təkan verməkdədir. Bu gün Prezident İlham Əliyevin iqtisadi artıma qeyri-neft sektorunun hesabına nail olunmasına və enerji sektorundan asılılığın minimuma endirilməsinə yönəlmiş siyasəti zamanın çağırışlarına adekvat reaksiyanın, çevik münasibətin təzahürüdür və bu siyasət uğurla həyata keçirilir. İndi Azərbaycanın bərpa olunan enerji mənbələrini inkişaf etdirmək kursunu həyata keçirməsi həm enerji təhlükəsizliyimizi təmin etmək, həm də yeni sənaye sahələrini inkişaf etdirmək, yeni iş yerləri yaratmaq, “yaşıl” iqtisadi artıma nail olmaq üçün etibarlı zəmin yaradır.
Azərbaycan bərpa olunan enerji potensialına malik ölkədir və bu sahəyə xarici investisiyaların cəlb edilməsi tamamilə düzgün strategiyadır. Bu baxımdan Qaradağ Günəş Elektrik Stansiyasının açılışı mərasimi çərçivəsində yeni xarici iqtisadi tərəfdaşlarımızdan biri ilə üç investisiya sazişinin imzalanması bərpa olunan enerji layihələrinin ölkəmiz üçün prioritet təşkil etdiyini göstərir. Prezident İlham Əliyevin iştirakı ilə Azərbaycan Hökuməti və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “Masdar” şirkəti arasında Azərbaycanın Neftçala rayonunun Bankə qəsəbəsində və Biləsuvar rayonunda Günəş Elektrik Stansiyası layihələri, Abşeron-Qaradağ rayonunda quruda külək enerjisi layihəsi ilə bağlı İnvestisiya müqaviləsinin imzalanması dövlətimizin bu sahəyə xüsusi diqqətlə yanaşdığının təsdiqidir. Ona görə də dövlət başçımızın açılış mərasimindəki çıxışında Azərbaycana etibar edən, bərpa olunan enerji sahəsinə böyük həcmdə investisiya yatırmağı qərar verən və Azərbaycanın yaşıl gündəliklə bağlı hədəflərə çatmasına dəstək verən “Masdar” şirkətinə minnətdarlığını ifadə etməsi bir daha bu sahənin ölkəmiz üçün əhəmiyyətini ortaya qoyur.
Qaradağ Günəş Elektrik Stansiyasının açılışının reallaşması Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ilə ölkəmiz arasında sıx əməkdaşlıq münasibətlərinin inkişafında və möhkəmlənməsində həqiqətən də çox mühüm mərhələdir. Bu stansiyasının qısa müddətdə və uğurlu açılışı həm Birləşmiş Ərəb Əmirliklərindən olan bir çox şirkətlərə, həm də digər xarici investorlara Azərbaycanla işləmək üçün yaxşı siqnal olacaq. Azərbaycan xarici investisiyalar üçün tam açıq ölkəyə çevrilir. Odur ki, Azərbaycanın etibarlı tərəfdaş kimi möhkəmlənən mövqeləri dövlət başçımızın da qeyd etdiyi kimi bütün planlarımızın həyata keçəcəyinə zəmanət verir. Qaradağ Günəş Elektrik Stansiyası kimi nəhəng bir layihə gələcəkdə həyata keçiriləcək çoxsaylı layihələrin birincisidir. Biz indi ölkələrimiz, hökumət strukturlarımız və şirkətlərimiz arasında əməkdaşlığın inkişafının yeni mərhələyə yüksəldiyini görürük.
Dövlət başçımız çıxışında həmçinin Qarabağ, Şərqi Zəngəzur və Naxçıvanın artıq yaşıl enerji zonası kimi elan olunduğunu qeyd etdi və bildirdi ki, bu istiqamətdə sərmayələrin qoyulmasının gələcəkdə bizə böyük həcmdə təbii qaza qənaət etmək imkanını verəcək ki, bu da ixrac üçün qənaət ediləcək bir neçə milyard kubmetr təbii qaz deməkdir. Bu isə son geosiyasi dəyişikliklər nəticəsində Azərbaycan qazına əvəllər heç vaxt olmadığı qədər daha çox ehtiyac duyan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə əlavə töhfə hesab edilə bilər.
Qarşıda isə Xəzər-Avropa İttifaqı enerji dəhlizini yaratmaq kimi planlarımız var və bunun üçün tərəfdaşlarımızla daha fəal işləmək niyyətindəyik. Cənab Prezident tamamilə haqlı olaraq bildirdi ki, müstəqillik tariximiz təkcə enerji deyil, bütün sahələrdə planlarımızın gerçəkləşdiyini göstərir. Çünki siyasi iradəmiz var, cəmiyyətimizdə birlik var. Ona görə də biz bütün məqsədlərimizə nail olacaq və gələcəkdə bu kimi daha çox mərasimlər keçirəcəyik. Yeni layihələr ölkəmiz üçün xeyirli-uğurlu olsun!
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri, siyasi şərhçi