"2020-ci il 44 günlük savaşda mülki əhalini hədəfə alan Ermənistan ikinci böyük şəhərimiz Gəncədən sonra müharibə zonasından kənarda olan digər bölgələrimizi, o cümlədən Bərdə şəhərini oktyabrın 27 və 28-də qadağan olunmuş silahlardan atəşə tutdu. Nəticədə iki gün ərzində azyaşlılar da daxil olmaqla ümumilikdə 25 mülki şəxs həyatını itirdi, 80-dən çox insan yaralandı. Bu, 1992-ci ilin fevralında dinc əhalinin qətlə yetirildiyi Xocalı soyqırımının davamı idi. Ermənistan bu müharibə cinayətləri ilə beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə konvensiyaları və onların Əlavə protokollarını, BMT-nin Təhlükəsizlik Şurasının qərar və qətnamələrini kobud şəkildə pozub".
Newscenter-az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Könül Nurullayeva səsləndirib. Millət vəkilinin sözlərinə görə Human Rights Watch təşkilatının nümayəndələrinin “Ermənistanın Azərbaycana qarşı qanunsuz raket zərbələri” adlı məruzəsində də
qeyd olunur ki, 2020-ci ilin sentyabr-noyabr aylarında baş vermiş müharibə zamanı Ermənistan hərbi qüvvələri qeyri-qanuni olaraq kasetli silahlardan istifadə ediblər:
"Hərbçilər və mülki əhali arasında fərq qoymadan hər kəsi öldürüblər. Noyabr ayında hadisə yerlərini araşdırmış ekspertlər Ermənistan silahlı qüvvələrinin ballistik raket və iri kalibrli artilleriya silahlarından istifadə etdiyini göstərən 11 insidenti sənədləşdiriblər. Ən azı dörd ayrı hadisə zamanı mülki şəxslərin və ya mülki obyektlərin raket hücumuna məruz qaldığı aşkarlanıb.
"Amnesty International"ın 44 günlük müharibə dövründə mülki əhaliyə qarşı hücumlarla bağlı hesabatında da bildirilir ki, təşkilat tərəfindən Ermənistan silahlı qüvvələrinin Azərbaycanın şəhər və kəndlərinə endirdiyi, mülki vətəndaşların ölümünə səbəb olan səkkiz zərbə sənədləşdirilib. Ermənistanın beynəlxalq humanitar hüququ pozaraq mülki əhalini də hədəf aldığı, çox sayda günahsız azərbaycanlının ölümü ilə nəticələndiyi qeyd olunur".
Deputat qeyd edib ki, həmin hesabatlar da müharibənin gedişi zamanı döyüş bölgəsindən kilomertlərlə uzaq olan ərazilərin mütəmadi olaraq atəş altında saxlanıldığını təsdiqləyir:
"Müharibədən sonra terrorun baş verdiyi ərazilərə səfər edən əcnəbi diplomatik missiyanın üzvləri, xarici jurnalistlər də bu cinayətlərlə yerində tanış olmaqla erməni faşizminin iç üzünü görməkdədir. Son 3 ildə beynəlxalq hüquq və humanitar hüququn pozulmasına dair faktlar əsasında Ermənistanın sülh və insanlıq əleyhinə törətdiyi cinayətlərin qarşısının alınması məqsədilə tədbirlər görülməsi üçün beynəlxalq ictimaiyyətə çağırış edilib. Lakin heç bir tədbir görülməyib.
Bununla belə, artıq Azərbaycanın Qarabağda separatçıların kökünü kəsməsi terrorçuların da öz layiqli cəzalarını almasına təkan oldu. Xalqımıza qarşı cinayətlər törətmiş şəxslərin bu gün Azərbaycan qanunları əsasında müttəhim kürsüsündə mühakimə olunması ədalətin bərpasıdır".
Könül Nurullayeva sonda bunları qeyd edib:
"Məlumdur ki, separatçıların sabiq rəhbəri Arayik Arutyunyan tərəfindən cəbhə zonasından kənarda yerləşən, Gəncə şəhəri və Bərdə rayonunun yaşayış məntəqələri və mülki obyektlərini hədəfə alaraq ballistik və digər növ raketlər atılmaqla çoxsaylı mülki şəxslərin öldürülməsi ilə nəticələnən terror hücumlarının təşkil olunması və digər çoxsaylı cinayətlər törədilməsinə əsaslı şübhələr müəyyən edilib. Oktyabrın 4-də Araik Arutyunyan öz sosial şəbəkə hesabından Gəncə terrorunun məsuliyyətini öz üzərinə götürdüyünü elan edib. Bu, həmin terror aktıdır ki, 26 dinc sakin qətlə yetirilib, 175 nəfər isə xəsarət alıb. Arayik Arutyunyan 2020-ci il oktyabrın 28-də Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, barəsində məhkəmənin qərarı əsasında həbs qətimkan tədbiri seçilərək beynəlxalq axtarışa verilib. Bu il oktyabrın 3-də Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Xankəndi şəhərində saxlanılan Arutyunyan kimi digər terrorçular da
yerli və beynəlxalq qanunlara uyğun şəkildə ən ağır şəkildə cəzanı alacaqlar".
Ruhiyyə Mehdiyeva