Ermınistanın baş naziri Nikol Paşinyan ciddi cəhdlə ölkəsini Rusiyadan uzaqlaşdırmaq istəyir. Bunun üçün Qərbdən, Avropadan dəstək almağa çalışan baş nazir Rusiyadan qopmağın müqabilində Avropaya, Qərbə hər şeyini belə verməyə hazır görünür. Elə politoloq Məhəmməd Əsədullazadə də belə düşünür.
Newscenter.az-ın xəbərinə görə, politoloq deyib ki, Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya hərbi bazasına ölkəsində ehtiyac olmadığını vurğulayıb:
"Prinsipcə düz deyir. Məhz Rusiya Ermənistanda 102-ci bazasını Türkiyəyə görə təsis etmişdi. Buradan Azərbaycanı da Ermənistan vasitəsilə təhdid edirdi. Azərbaycanın ərazilərinin işğalda saxlanılmasında 102-ci bazanin da rolu olub.
İkinci Qarabağ müharibəsindən sonra yeni siyasi konfiqurasiya qurulur. Ermənistanla Azərbaycan arasında Qarabağ münaqişəsi bitib. Ermənistan məğlub olaraq öz sərhədlərinə çəkilib. Türkiyə ilə Ermənistan arasında da normallaşma prosesi baş verir. Belə olan təqdirdə 102-ci baza Ermənistan üçün əhəmiyyəti yoxdur".
Politoloq deyib ki, Paşinyan Rusiyanın orbitindən çıxmağa və ölkəsində Rusiya hərbi bazasının bağlanmasına gedəcək:
"Amma, N. Paşinyan ölkəsinin təhlükəsizlik qayğıları dedikdə, Rusiyanı hər hansı bir dövlətlə əvəz edib, Qərbin Ermənistanda hərbi bazasını təsis edəcəksə, bu regionda yeni bir böhrana gətirəcək. Nəticədə, Türkiyə və Azərbaycanla əlaqələr normallaşmayacaq.
N.Paşinyanın Rusiyanın hərbi bazasını ölkəsindən çıxarmaqla, yerində Qərbin hərbi kontingentini ölkəsində yerləşdirməklə geosiyasi seçim etməyə çalışır. Heç də ölkəsinin müstəqilliyini və təhlükəsizliyini təmin etmir. Ermənistan regionda yeni militarist siyasət aparır və N. Paşinyanın sülh çağırışları imitasiyadır".
Anar Əliyev